20 Yanvarla bağlı dəyirmi masa keçirildi
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 33 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.
Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ümumxalq Hüzn Gününə həsr olunmuş Dəyirmi Masa keçirildi.Kollecin metodisti Sveta Behbudovanın təşkilatçılığı ilə keçirilən tədbirdə ilk olaraq 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anıldı.
1990-cı ilin Yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləyən S.Behbudova daha sonra qeyd etdi ki, həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Dəyirmi masada çıxış edən 2701 qrup tələbəsi Şərmin Sadiqova və 2674 qrup tələbəsi Ömər Ağazadə qeyd etdilər ki, 20 Yanvar faciəsi xalqımızın ən ağır faciəsidir. 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir. 20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifələr yazaraq xalqın milli azadlığı naminə öz canlarını qurban veriblər.
20 Yanvar şəhidləri müstəqillik qaranquşları olduqları üçün, xalqımızın qəlbində əbədi olaraq yaşayacaq milli qəhrəmanlardır. Onlar hər yerdə, hər zaman millətin qəhrəmanları kimi təqdim edilməlidirlər.