15 iyun - Milli Qurtuluş Günü Kollecdə qeyd edildi
14 iyun 2022-ci il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Xalqın xilaskarı” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.
Sonra tələbələrin Ümummilli lider Heydər Əliyev haqqında hazırladıqları videocarx nümayiş olunub. Tədbirdə Yeni Azərbaycan Partiyasının kollec üzrə ilk ərazi təşkilatının sədri Natiq Müsayev cıxış edərək bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub.Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən direktor bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Ölkəmizin bugünkü tərəqqisi, Prezident İlham Əliyevin siyasəti qurtuluşdan qaynaqlanır və ondan güc alır.
Tədbirin sonunda tələbələr Ümummilli lider Heydər Əliyevə həsr etdikləri şeirləri söylədilər.