Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bu sahədə mübarizənin gücləndirilməsi, həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə psixoloq Xalidə Kərimovanın təşkilatçılığı ilə “Seçim sənin əlindədir: Azadlıq ya da asılılıq” adlı təlimlər təşkil olunmuşdur.
Təlimlərdə qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı iş planına uyğun olaraq kollecdə müvafiq qurumların- Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman İdarəsinin, Baş Polis İdarəsinin, Səhiyyə İdarəsinin və s. strukturların birgə iştirakı ilə müxtəlif istiqamətlərdə, «Narkomaniya ilə mübarizə birgə işimizdir», «Gələcəyimiz olan gəncləri bu bəladan qoruyaq», «Narkomaniyaya «yox» deyirik» «Narkomaniya ümumbəşəri bəladır», «Narkotiksiz gələcək və sağlam həyat», «Narkomanlıq uçuruma aparan yoldur», «Gələcəyimiz sağlam gəncliklədir» və sair mövzularda tədbirlər keçirilmişdir.
Daha sonra tələbələrə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən əsas qlobal problemlərdən biri olduğu qeyd olunaraq vurğulanmışdır ki, bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Azərbaycan dövləti vətəndaşlarının və əsasən də gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də faydalanan sosial qrup kimi qəbul edərək, gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir.






