Elm və Təhsil Nazirliyinin “8 noyabr - Zəfər Günü” ilə bağlı təsdiq etdiyi tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Zəfər haqqımızdır” adlı dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin “İctimai fənn” FBK-nın müəllimi Səadət Mərdanova tarixi qələbədən söz açaraq 44 günlük Vətən müharibəsində ordumuzun keçdiyi Zəfər yolu haqqında dəyirmi masa iştirakçılarına ətraflı məlumat verdi. Sonra ermənilərin necə Qarabağda məskunlaşması, 30 illik işğal dövrü ərzində torpaqlarımızda terror həyata keçirməsi və digər mövzularda fikir mübadiləsi aparıldı. “Mühasibat uçotu” şöbəsinin ikinci kurs tələbəsi Hümbətova Nuridə Anar qızı qələbəmizdən söhbət açaraq, onun Ali Baş Komandanımız İlham Əliyevin qüdrətli sərkərdəliyi və xalqımızın birliyi nəticəsində ərsəyə gəldiyini bildirdi. Məhz 44 günlük müharibədən sonra ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya bəyan etdi.