“Xocalıya ədalət”adlı xüsusi dərslər kecirildi

“Xocalı soyqırımının otuz birinci ildönümünün keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 242, 324, 710, 459, 123, 584, 120, 584-cü qruplarda xüsusi dərslərin keçirilməsi təmin olunmuşdur. Dərs zamanı müəllimlərdən Nərmin Qurbanlı, Ülviyyə Behbudova, Aybəniz Dadaşova, Elnarə Xəlilova, Samirə İbrahimova tələbələrə Xocalı faciəsi haqda ətraflı məlumat verərək bildirmişdilər ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırım aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

24-02-2023, 16:49
up