Dayanıqlı iqtisadi inkişaf və milli birlik yolu, Azərbaycanı zəfərə aparan yol oldu


Azərbaycan xalqı əsrlər boyu azadlıq və milli müstəqillik uğrunda mübarizə aparmış, hər bir nəsil bu müqəddəs amal uğrunda öz töhfəsini vermişdir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası xalqımızın tarixində yeni səhifə açdı. Lakin bu müstəqilliyin qorunması, möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsi üçün dərin strateji düşüncə və siyasi iradə tələb olunurdu. Dövlətin qarşısında duran əsas vəzifə yalnız suverenliyin elan edilməsi deyildi – həm də iqtisadi, sosial və hərbi baxımdan güclü, sabit və müasir dövlətin qurulması idi.
Müstəqilliyin ilk illəri iqtisadi tənəzzül, sosial böhran və torpaq itkisi ilə müşayiət olunsa da, 1993-cü ildən sonra Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi baş verdi. Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə dövlət idarəçiliyində sabitlik bərpa edildi, milli dövlətçilik prinsipləri möhkəmləndirildi, iqtisadi islahatların əsası qoyuldu. Onun rəhbərliyi altında qəbul edilən strateji qərarlar, xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Azərbaycanın iqtisadi müstəqilliyinin bünövrəsini formalaşdırdı və gələcək inkişafın istiqamətini müəyyənləşdirdi.
Dövlətin və dövlətçiliyin qurulmasında Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı regionda sabitlik və inkişaf modeli kimi tanıtdı. O, iqtisadiyyatda dövlət nəzarətini qoruyaraq bazar mexanizmlərinə əsaslanan yeni idarəetmə sistemi yaratdı. Bununla da ölkənin iqtisadi dirçəlişi üçün əsaslı baza formalaşdı.
Bu siyasətin uğurlu davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı tamamilə yeni mərhələyə qədəm qoydu. Neft gəlirlərinin səmərəli istifadəsi, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi dirçəlişi və ordunun modernləşdirilməsi istiqamətində aparılan siyasət Azərbaycanın Zəfərə aparan yolunun iqtisadi dayaqlarını gücləndirdi.


İqtisadi gücün formalaşması və dövlət siyasətinin strateji xətti


Müstəqilliyin ilk illərində dağılmış sənaye potensialı, kənd təsərrüfatı və pozulmuş istehsal əlaqələri iqtisadi sabitliyi ciddi şəkildə sarsıtmışdı. 1993-cü ildən etibarən həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində bu proses tədricən bərpa olundu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan öz enerji resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı qazandı. Bu, dövlət gəlirlərinin artmasına və iqtisadiyyatın güclənməsinə səbəb oldu.
1995–2005-ci illər ərzində həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət sektoru ilə özəl sektor arasında sağlam balans yaradıldı, mülkiyyət münasibətləri yenidən formalaşdı, vergi və gömrük sistemində şəffaflıq təmin olundu. Hökumətin apardığı makroiqtisadi siyasət ölkədə investisiya mühitini yaxşılaşdırdı, xarici investorların etimadını qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm addımlar atıldı. Qeyri-neft sektoru, kənd təsərrüfatı, sənaye və xidmət sahələrinin inkişafı prioritetə çevrildi. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində ölkənin infrastruktur xəritəsi yeniləndi, minlərlə kilometr yeni yollar, körpülər və sosial obyektlər inşa edildi.
İqtisadi güc təkcə maliyyə göstəriciləri ilə deyil, həm də dövlətin müdafiə qabiliyyəti ilə ölçülməyə başlandı. Artan iqtisadi imkanlar ordu quruculuğuna yönəldildi. Dövlət büdcəsində hərbi xərclərin payı əhəmiyyətli dərəcədə artırıldı, milli müdafiə sənayesinin inkişafı üçün xüsusi proqramlar qəbul olundu. Bu, Azərbaycanın ordusunu regionun ən güclü silahlı qüvvələrindən birinə çevirdi.


Milli birlik və ordu quruculuğu - Zəfərin mənəvi dayağı


Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər, hər şeydən əvvəl xalqın milli birliyinin və güclü dövlət idarəçiliyinin vəhdəti idi. Ölkə rəhbərliyi illər boyu iqtisadi, siyasi və hərbi sahədə həyata keçirdiyi ardıcıl siyasətlə həm cəmiyyətin sabitliyini qorudu, həm də ordunun gücünü artırdı.
Ordu quruculuğu təkcə texniki silahlanma ilə məhdudlaşmadı. Hərbi təlim-tədris sistemi, müasir döyüş taktikaları və yüksək peşəkar zabit heyəti formalaşdırıldı. Ən əsası isə ordunun mənəvi ruhu, vətənpərvərlik, dövlətə sədaqət və xalqla birlik prinsipləri, milli ideologiyanın ayrılmaz hissəsinə çevrildi.
Milli birlik həm də iqtisadi güclə birbaşa əlaqəli idi. İqtisadi sabitlik və sosial rifah xalqın dövlətə inamını artırdı, bu da cəmiyyətin bütün təbəqələrini milli maraqlar ətrafında birləşdirdi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi bu birliyin, dövlət-xalq həmrəyliyinin real təcəssümü oldu.
Zəfərin qazanılmasında Prezident İlham Əliyevin siyasi liderliyi və strateji idarəetmə bacarığı həlledici rol oynadı. Onun qətiyyətli qərarları, diplomatik çevikliyi və beynəlxalq səviyyədə balanslı siyasəti hərbi əməliyyatların uğurla nəticələnməsini təmin etdi. Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə qalib gəldi.


İqtisadi diplomatiya və qlobal siyasətin vəhdəti


Azərbaycanın Zəfərə aparan yolunun mühüm hissəsi beynəlxalq müstəvidə yürüdülən iqtisadi diplomatiya ilə bağlı idi. Dövlət neft-qaz resurslarını yalnız gəlir mənbəyi kimi deyil, həm də siyasi alət kimi istifadə etməklə regional və qlobal əməkdaşlıqda strateji tərəfdaş mövqeyini gücləndirdi.
Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Qars layihələri Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artırdı. Bu layihələr vasitəsilə ölkə həm enerji təhlükəsizliyini təmin etdi, həm də beynəlxalq bazarlarda etibarlı tərəfdaş statusu qazandı.
Azərbaycanın xarici siyasəti də iqtisadi sabitliyə söykəndi. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, ikitərəfli iqtisadi sazişlər, regional layihələr dövlətin diplomatik mövqelərini möhkəmləndirdi. Eyni zamanda, bu siyasət milli maraqların qorunmasına və ölkənin müstəqil qərarvermə imkanlarının saxlanmasına xidmət etdi.
Bütün bunlar Azərbaycanın beynəlxalq arenada söz sahibinə çevrilməsinə, iqtisadi gücün siyasi nüfuzla uzlaşmasına səbəb oldu.


Zəfərdən sonra - Qarabağın dirçəlişi və yeni inkişaf mərhələsi


2020-ci ildə əldə edilən Böyük Zəfər təkcə torpaqların azad olunması deyildi, həm də Azərbaycan dövlətinin iqtisadi, hərbi və diplomatik siyasətinin mükəmməl nəticəsi idi. Bu qələbə Azərbaycanın gücünün, milli birliyinin və dövlət idarəçiliyinin sintezinin təntənəsi oldu.
Zəfərdən sonra dövlət qarşısında yeni vəzifələr, azad edilmiş ərazilərin bərpası və sosial-iqtisadi inteqrasiyası müəyyən edildi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu siyasətin başlanğıcı oldu. Bölgədə müasir infrastruktur layihələri, “ağıllı kənd” və “yaşıl enerji” layihələri icra edilir, sənaye və kənd təsərrüfatı sahələri yenidən qurulur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa siyasəti yalnız iqtisadi deyil, həm də siyasi və mənəvi əhəmiyyət daşıyır. Qarabağın dirçəlişi Azərbaycanın iqtisadi potensialının və idarəetmə qabiliyyətinin göstəricisinə çevrilmişdir.
Eyni zamanda, dövlət regional və beynəlxalq əməkdaşlığı genişləndirərək, bu inkişafı dayanıqlı iqtisadi sistemin tərkib hissəsinə çevirir. Bütün bunlar Azərbaycanın gələcək onilliklərdə də iqtisadi sabitlik, təhlükəsizlik və milli birliyin təminatçısı kimi lider dövlət olaraq qalacaqdır.
Azərbaycanın müstəqillik dövründə keçdiyi yol, iqtisadi gücün formalaşması, ordunun möhkəmlənməsi, milli birliyin təmin olunması və diplomatik siyasətin səmərəli tətbiqi, 2020-ci ilin Zəfəri ilə məntiqi zirvəsinə çatdı.
Dövlətin və dövlətçiliyin qurulmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və iradəetməsi Azərbaycanı sarsılmaz təməllər üzərində qurdu. Onun siyasi məktəbinin davamçısı, Prezident İlham Əliyev isə bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək, dövlətin iqtisadi və hərbi qüdrətini ən yüksək səviyyəyə qaldırdı.
Sonda belə bir nəticəyə gələ bilərik ki, bu gün Zəfər Günü təkcə hərbi qələbənin deyil, dayanıqlı iqtisadi siyasətin, milli birliyin və liderlik iradəsinin qələbəsidir. Azərbaycan xalqı öz dövlətinə, ordusuna və liderinə güvənir, inanır və gələcəyə inamla baxır.
          
Rasim Abasquluyev

 UNEC nəzdində Sosial - İqtisadi Kolleci
 “Maliyyə” fənn birləşməsinin müəllimi  
  
4-11-2025, 01:52
up