Zəfər nəğməsi


Beş il… Tarix üçün qısa bir zaman, amma bir millətin yaddaşında əbədi iz qoyan, qürurla dolu beş il. Bu zəfər əsrlər boyu sınaqlardan keçmiş Azərbaycan ruhunun, milli birliyin, haqqın qələbəsi idi.

Zəfər  təkcə döyüş meydanında qazanılmadı. O, illərin səbrində, xalqın birliyində, şəhidlərin qanında, anaların göz yaşında, uşaq arzularında yoğruldu. O payız günlərinin səsi hələ də qulaqlarımızdadır - top səsləri ilə birlikdə xalqın ürəyindən yüksələn “Qarabağ Azərbaycandır!” nidası səmanı bürümüşdü. Əsgərlərimiz torpaq uğrunda vuruşur, analar dualar edirdi. Uşaqlar nə olduğunu tam anlamasalar da, evlərində hər gün “Qarabağ azaddır” sözünü eşitməklə böyüyürdülər.

Zəfərimizin tacı olan Şuşanın azadlığı isə bütün Azərbaycanın taleyinin dönüş nöqtəsi idi. Qaya üstündə qurulan minillik tarixə, musiqiyə, poeziyaya beşik olan Şuşa yenidən doğuldu. Əsgərlərimiz qayalıqları dırmaşaraq, bir ovuc torpaq üçün canlarını fəda etdilər. Onların igidliyi ilə yazılan dastanlar indi xalqın yaddaşında, ədəbiyyatında və ürəyində yaşayır.

Bu qələbə bizə bir daha göstərdi ki, vətən sevgisi insanı ölümsüz edir. Şəhidlərimiz - adları sonsuza qədər ucalarda çəkiləcək qəhrəmanlarımız  bu torpağın ən müqəddəs simvollarına çevrildilər.

          Bu gün beş il əvvəl azad edilən torpaqlarda yeni həyat var. Şuşada musiqi sədaları, Füzulidə bərpa olunan evlər, Zəngilanda əkilən ağaclar, Laçında tikilən yollar - bütün bunlar hamısı Zəfərin davamıdır. O torpaqlarda azadlıqla yanaşı, ümid, həyat və gələcək də cücərir. Qarabağ artıq yalnız qələbə rəmzi deyil, həm də yenidənqurma və dirçəlişin simvoludur. 

Zəfər Günü bizə bir dərs də verdi - millət bir olduqda, heç bir qüvvə onu sındıra bilməz. O günlərdə azərbaycanlı kimliyinin, dövlət sevgisinin, həmrəyliyin ən saf nümunəsini gördük. Cəbhədə əsgər döyüşürdü, arxa cəbhədə xalq bir ürək kimi ona dayaq dururdu. Hər kəsin bir ümidi, bir duası, bir arzusu vardı: “Qarabağ azad olsun!

Bu gün biz o möhtəşəm qələbənin beşinci ildönümünü qeyd edərkən, keçmişi xatırlayır, gələcəyə baxırıq. Çünki bu qələbə təkcə hərbi gücün deyil, həm də əqidənin, mətinliyin və milli kimliyimizin təntənəsidir. Zəfər Günü  azadlığın nəğməsi, bir millətin dirəniş dastanıdır. Beş il əvvəl “Zəfər bizimdir!” deyən Azərbaycan bu gün “Zəfəri qorumaq bizim borcumuzdur!” deyir. O gün bizim tariximizdə bir dönüş, yaddaşımızda isə müqəddəs bir səhifədir.Çünki bu torpaqlar, bu qələbə və bu azadlıq gələcək nəsillərə əmanətdir. 

Qoy Zəfər Günümüz hər zaman nurla, sevinc və vətən sevgisi ilə anılsın.

                                                                                                            

Aytən Piriyeva

UNEC nəzdində Sosial-İqtisadi Kollecin əməkdaşı

5-11-2025, 01:40
up