2025-ci il 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqər olaraq ilə bağlı Tədbirlər Planına uyğun olaraq UNEC-in nədində Sosial-İqtisadi Kollecdə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə həsr olunmuş “Cənnətə dönən yurdum”adlı dəyirmi masa keçirilib.
“İqtisadiyyat” fənn birləşmə komissiyasının təşkilatçılığı və müəllim Cavad Cahangirovun moderatorluğu ilə keçirilən Dəyirmi Masada qeyd olunub ki, 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuran Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” planını reallaşdırmaq kimi mühüm vəzifə dururdu. Müharibənin başa çatmasından beş il keçməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işləri görülməsi Azərbaycan dövlətinin gücünü bir daha göstərdi.
Prezident İlham Əliyev BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasının Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində videoformatda təqdim olunan çıxışında Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işlərinin həcminin kifayət qədər böyük olduğuna diqqət çəkərək bildirib: “Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq”.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin (Böyük Qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir. Bununla bağlı Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapan məlumata görə, 2024-cü ildə də işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması davam etdirilib. Ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,3 milyard manat vəsait nəzərdə tutulub.
Həmçinin bildirilib ki, ortamüddətli dövrdə bölgədə yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək, bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək, bərpaolunan enerji mənbələrindən istifadə genişləndiriləcək, iqtisadi fəaliyyətin təşviqi ilə bağlı tədbirlər davam etdiriləcək: "2027-2030-cu illəri əhatə edəcək "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması çərçivəsində proqram üzrə həyata keçiriləcək tədbirlər və onların maliyyə tutumu dəqiqləşdiriləcək".
Qısa zaman ərzində işğaldan azad edilən ərazilərdə üç beynəlxalq hava limanının açılışının edilməsi isə bu yerlərdə dövlətimizin apardığı quruculuq işlərinin miqyasını göstərir. Azərbaycan dövləti 2021-ci ildə, cəmi 8 ay ərzində Qarabağın "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanını tikib istifadəyə verib. Eləcə də 2022-ci il oktyabrın 20-də, Zəngilanın azadlıq günündə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Hər iki beynəlxalq hava limanının açılışı Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Laçın Beynəlxalq Hava Limanının rəmzi açılışını bildirən lenti isə Azərbaycan və Türkiyə prezidentləri bu il 28 May - Müstəqillik Günündə kəsiblər. Həmçinin bu ərazilərdə yollar salınır, yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir, enerji infrastrukturu yenidən qurulur, "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri həyata keçirilir.
İşğaldan azad edilən torpaqlarda tarixi, mədəni və dini abidələrimizin inşası və təmirini Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu böyük müvəffəqiyyətlə həyata keçirirlər.
Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli və kompleks işlərin nəticəsidir ki, "Böyük qayıdış" proqramı çərçivəsində 30 minə yaxın keçmiş məcburi köçkün dədə-baba yurduna qayıdıb. 2022-ci ildən etibarən müxtəlif vaxtlarda Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Laçın rayonunun Zabux, Sus, Bəylik, Xocalı rayonunun Ballıca, Təzəbinə, Xanyurdu, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Xıdırlı, Xocavənd rayonunun Sos kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinə, o cümlədən Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər şəhərlərinə qayıdış köçləri həyata keçirilib.
Ümumiyyətlə, bu gün "Böyük qayıdış" proqramı çərçivəsində 60 minə yaxın insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alırlar.
Elə bu il III Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsinin də öz rəmzi mənası var idi. Bu həm də onun göstəricisi idi ki, bir zamanlar işğal altında olan bu yurdlara əzəli sahibləri qayıdıb və buranı cənnətməkana çevirirlər.
