Nigar Əliyeva: “Əsas məqsədimiz birlik nümayiş etdirmək və təcrübə qazanmaq idi.”

8-13 sentyabr tarixlərində “Təhsil” istirahət mərkəzində keçirilən “Tələbələrin yay düşərgəsi”ndə UNEC nəzdində Sosial-İqtisadi kollecin tələbələri də iştirak ediblər. Düşərgədəki təəssüratlarını isə kollec tələbələrinin qrup sədri Nigar Əliyeva bizimlə bölüşür.

– Nigar xanım, UNEC nəzdində Sosial-İqtisadi kollec tələbələrinin düşərgədəki iştirakı barədə nə deyə bilərsiniz?

Tələbələrimiz düşərgədə məmnuniyyətlə iştirak etdi və hər bir kəs öz ritmində fəallıq göstərdi. İdman, intellektual oyunlar və ağacəkmə aksiyasında yer aldıq. Düşərgəmizin xüsusi qonaqları ilə görüşlərimiz oldu. Əsas məqsədimiz birlik nümayiş etdirmək və təcrübə qazanmaq idi. Mən qrup sədri olaraq bu anları paylaşmaqdan məmnunluq duydum. 

– Sizin üçün düşərgənin qazandırdığı ən böyük dəyər nə oldu?

Mənim üçün ən böyük dəyər yeni dostluqlar və komandada işləmə təcrübəsi oldu. Həmçinin, liderlik keyfiyyətlərimizi sınamaq və inkişaf etdirmək imkanı qazandıq. Bu təcrübə həm mənim, həm də tələbə yoldaşlarımın gələcək fəaliyyəti üçün böyük motivasiya oldu.

– Təşkilatçıların fəaliyyəti və göstərdiyi dəstək barədə fikirləriniz nədir?

Təşkilatçılıq çox səliqəli və düşünülmüş idi, hər bir detal gənclərin rahatlığı üçün nəzərə alınmışdı. Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı (ETİHİ) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) olmasaydı, bu düşərgəni həyata keçirmək mümkün olmazdı. Hər kəsin yanında olmağa çalışmaları rahat və səmimi mühit yaratmaqla tələbələrə inam verdi. Bütün bu xoş təcrübə üçün xüsusilə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı sədri Araz Paşayevə, Elm və Təhsil İşçiləri Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədova və UNEC nəzdində Sosial-İqtisadi Kollecin Həmkarlar Təşkilatı sədri Şahgül Qardaşəliyevə dərin minnətdarlığımızı bildiririk. 

Son olaraq üzümü tələbələrimizə tutub demək istəyirəm ki, əziz tələbələr, Həmkarlar İttifaqının yaratdığı bu şəraitdən, istər idman yarışları, istər tələbə düşərgələri, istərsə də hüquqlarınızın bərpasını təmin edəcək fürsətlərdən yararlanmaq istəyirsinizsə Həmkarlar Təşkilatına üzv olmağı unutmayın.


22-09-2025, 00:35
up