“Zəfər qəhrəmanları” yad edildi

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 33 il ötür. Bu münasibətlə UNEC nəzdində Sosial İqtisadi Kollecdə gənclərin cağrışaqədərki hazırlığı üzrə rəhbəri Xəlil Hüseynovun təşkilatçılığı ilə qruplarda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Zəfər qəhrəmanları” mövzusunda tədbir keçirilib.

İlk əvvəl Xəlil Hüseynov Daxili Qoşunlarının yaranma tarixindən söhbət acaraq qeyd edib ki, Azərbaycan Respublikası Daxili Qoşunlarının əsası 1919-cu ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qoyulmuşdur. 1919-cu il 10 iyun tаriхində Аzərbаycаn Dеmоkrаtik Rеspublikаsı Dövlət Müdаfiə Kоmitəsinin iclаsındа qərаrа аlınmışdı ki, Bаkı şəhəri və оnun rаyоnlаrının ərаzisində yаşаyаn hərbi çаğırış yаşınа çаtmış şəхslər üçün hərbi hаzırlıq təşkil еdilsin. Könüllü dəstələrin təşkili üzrə kоmissiyаnın sədri (bеş min rubl əməkhаqqı vеrilməklə) Yusif Ziyа bəy Tаlıbzаdə təyin еdilmişdir.
O zaman könüllü əsgərlər dəstəsi kimi fəaliyyət göstərən bu qurum ölkədə asayişin, əmin-amanlığın qorunması, qanunazidd hərəkətlərin qarşısının alınması kimi vəzifələri yerinə yetirirdi. 1919-cu il mаrtın 27-dən Dахili İşlər Nаzirliyinin tərkibində оlаn Bаkı şəhərinin 14 rаyоnundа sаbitlik və nizаm-intizаmın qоrunub sахlаnmаsı ilə fəаliyyətə bаşlаyаn «Könüllü yаrdım аlаyı» еlə Dахili Qоşunlаrın vəzifələrini icrа еdirdi. Alayın ilk komandanı polkovnik Yusif Ziya Talıbzadə olmuşdur.



1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

 

Daxili Qoşunların formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətləri olub


1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Ulu Öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə daim diqqət yetirib. Qoşunların formalaşmasında da Ümummilli Liderimizin misilsiz tarixi xidmətləri olub.

Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib. 2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır. Daxili Qoşunlar hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib.

 

Son illərdə bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir. Bu bir daha göstərir ki, Daxili Qoşunların maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu gün əminliklə demək olar ki, Daxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər döyüş qabiliyyətinin yüksəldilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.

 

Prezident İlham Əliyev Daxili Qoşunların maddi-texniki bazasının və hərbi qüdrətinin artırılmasına daim diqqət göstərir


Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb. Son illərdə Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il peşə bayramı günündə Daxili Qoşunlarının Bakıda yeni inşa olunan “N” saylı hərbi hissəsinin, ötən ilin fevralında isə Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışlarında iştirakı dövlətimizin başçısının Qoşunların maddi-texniki bazasının və hərbi qüdrətinin artırılmasına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.

 

Ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir. Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edib. Paytaxtımızda keçirilmiş “Eurovision 2012” mahnı müsabiqəsinin, “Bakı 2015” birinci Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının, UEFA Avropa Liqasının final matçının, “Texnofest Azərbaycan” ölkəmizdə keçirilməsi zamanı ictimai asayişin mühafizəsini və təhlükəsizliyin təmin olunmasını ən yüksək səviyyədə yerinə yetirib.

 

Vətən müharibəsində Daxili Qoşunların hərbçiləri misilsiz qəhrəmanlıq nümunələri göstəriblər

 

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasına mühüm töhfələrini veriblər. Yaradılan şəraitdən, ali diqqət və qayğıdan bəhrələnən Daxili Qoşunların şəxsi heyəti bu yüksək etimadı Vətən müharibəsində şərəflə və layiqincə doğruldub. İkinci Qarabağ müharibəsinin ilk günlərindən doğma torpaqlarımızı işğaldan azad etmək üçün ən ağır döyüşlərdə iştirak edən Daxili Qoşunların hərbçiləri misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. Xalqımızın tarixinə əsl qəhrəmanlıq salnaməsi kimi daxil olan Vətən müharibəsində böyük Qələbənin qazanılmasında, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucalıb, 346 nəfər isə yaralanıb. Daxili Qoşunların dörd əməkdaşı ən yüksək fəxri ada - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib. Həmin müharibədə Daxili Qoşunların şəxsi heyətinin fədakarlığı bir daha sübut edib ki, Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz, Vətən torpağının hər qarışı uğrunda, həmçinin ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparır.


İşğaldan azad olunmuş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları vəzifələrini peşəkarlıqla yerinə yetirirlər

Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan şəhər və rayonlarımızda polis əməkdaşları ilə birgə ayıq-sayıq xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları onlara həvalə edilən vəzifələri peşəkarlıqla yerinə yetirir, təhlükəsizliyin təmin olunmasına əsaslı töhfələrini verirlər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərimizin talanmasına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına, eləcə də Qarabağ iqtisadi rayonunda ekoloji terrora etiraz olaraq ekofəallar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri Laçın-Xankəndi yolunun bir hissəsində dinc aksiya iştirakçılarının təhlükəsizliyi Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təmin olunur.

Bu il fevralın 6-da qardaş ölkə olan Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində irimiqyaslı dağıntılar yaranıb, çoxlu sayda insan faciəvi şəkildə həlak olub və yaralanıb. Azərbaycan Türkiyəyə ilk yardım göstərən və köməyini yetirən ölkə oldu. Bu istiqamətdə vətəndaşlarımız xeyli miqdarda müxtəlif yardımlar toplayaraq qardaş ölkəyə göndərib. Həmin yardımların mütəşəkkil toplanması və təhlükəsiz göndərilməsi üçün Daxili Qoşunların hərbi qulluqçuları zəruri tədbirlər görüblər.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair verdiyi tapşırıqlara uyğun olaraq hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, eləcə də qabaqcıl texnika ilə təchiz edilmələri üçün ardıcıl tədbirlər həyata keçirilir. Hazırda polis əməkdaşları və hərbi qulluqçuları işğaldan azad olunmuş ərazilərdə şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir.

 



12-03-2025, 02:02
up