UNEC nəzdində Sosial İqtisadi Kollecin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəvahir Tanrıverdinin "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" adlı müəllim üçün metodik vəsaiti işıq üzü görüb.
Metodiki vəsaitdə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisində əsas hədəf kimi tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqları ön plana çəkilir. Azərbaycan dilində təqdimat hazırlamaq, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilir.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninə dair müəllimlər üçün metodik vəsaitdə yuxarıda qeyd edilmiş məlumatlar və dərs proqramında əks olunmuş mövzular metodik qaydalara uyğun olaraq izah edilib aydınlaşdırılır. Metodik vəsait üç fəsildən ibarətdir. Hər bir fəsil öz növbəsində müəyyən hissələr – mövzularla əhatələnir.
Birinci fəsil “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisində interaktiv təlim metodundan istifadə mühüm məsələ kimi” adlanır.Bu fəsildə interaktiv təlim metodunun mərhələ və üsulları ilə bağlı məlumatlar oxucunun diqqətinə çatdırılır. Müasir təlim üsulları əsasında layihələrin hazırlanması, qiymətləndirmə,fəndaxili və fənlərarası əlaqələr ətraflı surətdə izah edilir. İnteraktiv təlim metodunun hər bir mərhələsi haqqında ayrı-ayrılıqda məlumat verilir. Tədris üsulları haqqında verilən məlumatlara əsasən müəllim dərsin mövzusundan asılı olaraq onlardan istifadə zamanı müəyyən seçim edib fərqli üsullar tətbiq edə bilər.
Müəllimlər üçün metodik vəsaitin ikinci fəsli “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnində proqramın sistemləşdirilməsi işinin təşkili məsələləri” adlanır. Bu fəsildə müəllimin fənn üzrə verilmiş mövzuların tədrisi zamanı diqqət yetirməli vacib məqamlar nəzərə çatdırılır. Həmçinin bu fənnin əsas məqsəd və vəzifələri haqqında məlumatlar qeyd edilir, müasir dövrdə ünsiyyət prosesinin təşkili, işgüzar danışıq və söhbətlər, yazılı işgüzar kommunikasiyanın qaydaları araşdırılır. Təhsilalanların bu fənni öyrənən zaman elmi təqdimatın quruluş və tərtib qaydalarına, elmi məruzəni hazırlamaq bacarıqlarına, müzakirə sənətinə, işgüzar kommunikasiyanın nəzəri əsaslarına, akademik yazı vərdişlərinə yiyələnmələri üçün üsul və vasitələr müəyyən edilir.
Üçüncü fəsil “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin interaktiv təlim metodu ilə tədrisi” adlanır. Bu fəsildə proqram üzrə verilmiş 30 mövzunun hər biri ilə bağlı dərsin təşkili haqqında məlumatlar əks olunur. Burada yazılı işgüzar kommunikasiyaya dair mövzuların tədrisi zamanı yazı işinin tətbiqi, təqdimatların hazırlanması, yazılı sənədlərin tərtib qaydalarının düzgün mənimsənilməsi kimi xüsusi diqqət yetirilməli vacib məqamlar ardıcıllıqla təqdim edilir. Hər bir mövzunun tədrisi interaktiv təlim metodunun tərkib hissəsi olan beş mərhələyə əsasən təşkil olunur. Bu zaman müəllim tərəfindən etik və psixoloji davranış qaydalarına nəzarət edilməsi ilə bağlı ətraflı şərh verilir.
İnteraktiv təlim metodunun qiymətləndirmə mərhələsinin icrası zamanı müxtəlif nüanslar da diqqətdə saxlanılır. Bu mərhələnin həm tələbələr, həm də müəllim tərəfindən yerinə yetirilməsi ilə bağlı müəyyən göstərişlər metodik vəsaitdə qeyd edilmişdir.
Kitabın elmi redaktoru Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənli, rəyçiləri isə Azərbaycan Respublikasının Təhsil İnstitutu,AMEA Nəsimi adına Dilçilik İnstitunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü,
Mingəçevir Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Ağabaladır.
Xatırladaq ki, bu, 2020-2021-ci illərdən ali və orta ixtisas təhsil müəssisələrində tədris olunmağa başlayan "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənninə dair UNEC nəzdində Sosial İqtisadi Kollecin müəllimi Cəvahir Tarverdi tərəfindən yazılmış ilk metodik vəsaitdir.

