Qruplarda “Su həyat mənbəyidir” mövzusunda nümunəvi dərslər təşkil olundu

UNEC nəzdində Sosial İqtisadi Kollecdə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Su həyat mənbəyidir” mövzusunda qruplarda nümunəvi dərslər təşkil olunub.

Kollecin “Ümumitəhsil fənnlər” FBK-nın müəllimi Ülviyyə Behbudovanın təşkilatçılığı ilə bütün qrupunda keçirilən dərslərdə qeyd edilib ki, canlıların yaşaması üçün əsas vasitə hesab edilən su həyat mənbəyidir. Yer üzünün 75 faizini təşkil edən suyun yalnız 2,5 faizi təmizdir. Əhalinin sayı artdıqca və eləcə də qlobal iqlim dəyişikliyi yaşandıqca içməli suya olan təlabat gün-gündən artır. Suya qənaət etmədən istifadə, su qaynaqlarının quruması, meşələrin miqyasının və yağıntıların azalması ilə gələcəkdə böyük su probleminin yaranacağını əvvəlcədən proqnozlaşdırmaq mümkündür. 

Hazırda bu problemlər bir çox ölkələrdə görünməkdədir. Azərbaycan da dünyanın bir parçası olaraq qlobal problemlərdən sığortalanmayıb. Ölkəmizin bəzi bölgələrində son zamanlar yaşanan su çatışmazılığı bir tərəfdən iqlim dəyişikliyi ilə əlaqəlidirsə, digər tərəfdən bir sıra hallarda aidiyyəti qurumların fəaliyyətindəki çatışmazlıqlarla bağlıdır.

26 dekabr 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikası Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. Bundan başqa “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin su təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənən məsələlər nəticəsində ölkəmizdə bu sahədə ciddi bir problem yoxdur.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqda danışan Ü.Behbudova daha sonra qeyd edib ki, Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcəkdir:

1-ci mərhələdə 2024−2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcəkdir. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcəkdir.

2-ci mərhələdə 2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcəkdir.

3-cü mərhələdə 2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir.

Milli Strategiyada Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən olunmuş prioritetlərlə yanaşı, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ndə nəzərdə tutulan “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” sahəsində məqsədləri əhatə edən hədəflər öz əksini tapmışdır.

Sonda mövzu ilə bağlı tələbələrlə müzakirələr aparılıb. 

 




11-03-2025, 03:48
up