Asılılığa qarşı mübarizə

Əsrin bəlasına çevrilmiş narkomaniya və ona qarşı mübarizə haqqında müxtəlif tədbirlər keçirilir. Əsasən tələbələr arasında zərərli vərdişlərin qarşısını almaq üçün bir sıra proqramlar həyata keçirilir. Bunlardan biri asudə vaxtın səmərəli təşkilidir. Bütün cəmiyyətlərdə tələbələrin həyat ritmi sürətləndiyindən dərslər, iş, ailə məsuliyyətləri və digər öhdəliklər arasında çox zaman istirahətə, həmçinin şəxsi maraqlara vaxt ayırmaq unudulur. Halbuki insanın psixoloji və fiziki sağlamlığının qorunması, şəxsi inkişafı üçün asudə vaxt mütləqdir. Asudə vaxt mövzusunda UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Asılılığa qarşı mübarizə” və “Asudə vaxt imkandır” adlı maarifləndirici seminar keçirildi. Seminarda psixoloq Xalidə Kərimova, müəllim Sevinc Sərxanova və  kollecin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ümüd Orucov iştirak edib. Xalidə Kərimova asudə vaxtın düzgün təşkilinin olduqca vacibliyini qeyd edərək tələbələrə asudə vaxtın özünü kəşf etmək, inkişaf etdirmək imkanı verdiyini,  insanın həyat keyfiyyətini artırdığını və onu daha məhsuldar etdiyini, həmçinin asudə vaxtın səmərəli təşkil edilməsi insanın zərərli vərdişlərdən uzaqlaşdırdığını vurğuladı. Həmçinin qeyd etdi ki, düzgün təşkil olunmuş asudə vaxt çərçivəsində maraqlı və faydalı fəaliyyətlərlə məşğul olmaq həm əyləndirici, həm də öyrədici olur. Asudə vaxtın səmərəli və planlı keçirilməsi gənclər arasında narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınmasına bilavasitə köməklik göstərir. 

Kollecin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ümüd Orucov tələbələrlə görüşdə asudə vaxtın səmərəli keçirilməsinin vacibliyindən danışıb. O, qeyd edib ki, asudə vaxtın böyük hissəsini sosial şəbəkələrdə keçirmək və ya zərərli vərdişlərə sərf etmək vaxt itkisinə səbəb olur.

Ümüd Orucov bildirib ki, tələbələr bu vaxtı daha faydalı şəkildə keçirmək üçün könüllü proqramlarda iştirak edə, rayon və şəhər səviyyəsində keçirilən mədəni, sosial və idman tədbirlərinə qoşula bilərlər.

Komitə sədri həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirdikləri halda müxtəlif sosial bacarıqlar qazana biləcəklərini vurğulayıb və bu sahədəki şəxsi təcrübəsini də bölüşüb.


Dünən, 00:22
up