Qruplarda “Bizim meşələr” mövzusunda nümunəvi dərslər təşkil olundu

UNEC nəzdində Sosial İqtisadi Kollecdə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Bizim meşələr” mövzusunda qruplarda nümunəvi dərslər təşkil olunub.

Kollecin “Ümumitəhsil fənnlər” FBK-nın müəllimi Mehriban Aslanova tələbələrin nəzərinə catdırıb ki,martın 21-i dünyada Beynəlxalq Meşələr Günü və ya Ümumdünya Meşələrin Mühafizəsi Günü kimi qeyd olunur.

Respublikamızın meşə fоndu 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Çox təəssüflə qeyd olunmalıdır ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan meşələrimizə külli miqdarda ziyan vurub.

Azərbaycanda meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, o cümlədən azad edilmiş ərazilərimizdə meşələrin, həmçinin ölkəmizdə yaşıllıq sahələrinin bərpası məqsədilə kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq qurumlar özəl günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər.

Azərbaycan Respublikasında meşədən qanunsuz istifadə cinayət hesab olunur. Nazirlər Kabinetinin (NK) 1993-cü il 636 saylı meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında qərarında deyilir: "Qanunsuz meşə qırma, ağac və kolların kəsilməsinə,boy artımının dayanacaq dərəcəyə qədər zədələnməsinə,külək və qar ağırlığından sınmış və kök üstə quruyan ağacların icazəsiz mənimsənilməsinə, yandırılma və etinasız rəftara görə, ağac və kolların ərazisinə yararsız kanalizasiya sularının və kimyəvi suların axıdılmasına görə və digər amillərə görə cərimə miqdarı müəyyən edilməklə cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur". 

1997-ci ildə qəbul edilmiş Meşə Məcəlləsinə əsasən, meşəçilərin tərtib etdikləri akta əsasən məhkəmə qanunlarının icra edilməsinə nəzarət edən idarə həmin cərimələrin ödənilməsini həyata keçirməkdə müstəqildir.

 



11-03-2025, 22:51
up