Kollecdə “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və gənclər siyasəti” mövzusunda dəyirmi masa kecirildi

Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial- İqtisadi Kollecdə “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və gənclər siyasəti” ilə bağlı dəyirmi masa keçirilib.
Kollecin müəllimi, metodiki kabinetin müdiri Sabir Süleymanovun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyət olan Heydər Əliyevin  milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, azərbaycançılıq ideologiyasının  aparıcı amilə çevrilməsi istiqamətində gördüyü vacib işlərdən, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmlənməsinin təmin edilməsindən söz açıldı.  
Onun sözlərinə görə Ulu Öndər rəhbərlik etdiyi bütün dövrlərdə milli təfəkkürün, milli özünüdərkin inkişafına, o cümlədən ana dilinin qorunub saxlanmasına xüsusi diqqət yetirirdi. Sabir Süleymanov vurğuladı ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri ilə yaxından tanış olaraq müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət verirdi.
Tədbirdə çıxış edən kollecin metodisti Sveta Behbudova bildirdi ki, Ulu Öndərin  milli mənsubiyyətin, milli özünüdərkin və milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından azərbaycançılıq ideyasını irəli sürməsi çox əhəmiyyətli idi. Sveta Behbudova qeyd etdi ki, bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Ulu Öndər respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan gəncliyinə, mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, orada Ulu Öndərin izləri görünməsin. Heydər Əliyev dedikdə Azərbaycan, Azərbaycan dedikdə Heydər Əliyev yada düşür.
Tədbirdə çıxış edən kollecin Sosial və Humanitar işlər üzrə direktor müavini Zaur Vəliyev  ümummilli liderin  respublika daxilində sabitliyin təmin olunmasından və Azərbaycanın tərəqqisinə gedən yolda mühüm işlər gördüyünü vurğulayıb.
Tərbiyə işləri üzrə direktor müavini Xanım Məmmədova cıxışında qeyd etdi ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Daha sonra dəyirmi masa iştirakçıları Ulu Öndərin  keçdiyi ömür yolundan, onun ideyalarının inamla həyata keçirilməsindən və dövlətimizin inamlı əllərdə olmasına dair müzakirələr apardılar.
Sonda “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və gəncləır siyasəti”” mövzusunda videoçarx nümayiş olunub.

22-11-2023, 18:36
up