“Ekoloji mühit - sağlam həyat” mövzusunda Dəyirmi Masa keçirilib

Elm və Təhsil Nazirinin və UNEC rektorunun Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə bağlı təsdiq etdikləri Tədbirlər Planının icrası davam edir. UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin metodiki kabinetində “Ekologiya və sağlam həyat” mövzusunda Dəyirmi Masa keçirilib. Kollecin metodisti Səbinə Rəhimovanın Dəyirmi Masada çıxış edərək bildirib ki, 2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamı iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verəcək. Məhz ölkəmizdə görülən bütün bu məqsədyönlü fəaliyyətin nəticəsidir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması ilə bağlı Dəyirmi Masa iştirakçılarına ətraflı məlumat verən S.Rəhimova daha sonra bildirib ki, hələ 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunub. Ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxışında bildirib ki, bildirib ki, Azərbaycan bu ilin 11-24 noyabr tarixlərində COP29 (Conference of the Parties) adlı möhtəbər tədbirə ev sahibliyi edəcək. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Qeyd olunan qlobal tədbir və respublika miqyaslı yaşıllıq hərəkatının əsas məqsədi ekoloji problemlərin minimuma endirilməsi, ətraf mühitin sağlamlaşdırılmasıdır: “Biz də kollecimizdə 2024-cü ili “Yaşıl Həyat”ili elan etmişik. Bununla əlaqədar Tədbirlər Planı hazırlamışıq.İnanırıq ki, ölkəmizdə keçiriləcək bu beynəlxalq tədbir dünyanın ekoloji durumuna müsbət təsir göstərəcək”. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, dəyirmi masa iştirakçılarının sualları cavablandırılıb. Sonda tədbir iştirakçıları kollecdə təşkil olunan “Yaşıl dünyamız – sağlam gələcəyimiz” adlı sərgiyə baxış keçiriblər.

17-04-2024, 02:08
up