UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Uşaq alveri”, “Ağ ölüm” və “Narkomaniyaya qarşı mübarizə aparmalı” mövzusunda təbliğat işi davam edir.
24.02.2024-cü il tarixdə kollecin müəllimi Bənövşə Baxışova təbliğat işi ilə bağlı qruplarda keçirdiyi görüşlərdə tələbələrə bildirib ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.Narkotik maddələr bir tələdir. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə mənası yuxu, bihuşluq, "mania" - cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik maddələrdən ilk öncə tibbdə istifadə olunmağa başlanıb. Bu elə maddədir ki, insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki deffektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotiklər hissləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdirlər. Narkomanlıq - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir.
Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV-QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV-QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur. Araşdırmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranır və istifadəçilər bu aldadıcı təsirin, yəni, sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayırlar. Bu qənaət yanlışdır. Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardılar.
Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan “İnsan alveri” istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür. Dünya üzrə aşkar olunan qurbanlar arasında son illər uşaqların faiz nisbəti günbəgün artmaqdadır. Belə ki, hər üç qurbandan biri uşaqdır. Bir sözlə, narkomaniyaya və uşaq alverinə qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxışında qeyd etdi ki,1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tamhüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur. 1998-ci ildə isə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Həmçinin ölkəmiz narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalamışdır.
Müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Ümummilli Lideri 1996-cı il avqustun 26-da müvafiq Fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında»Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Beləliklə, bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramı təsdiq etmişdir.
Hazırda isə Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramı təsdiq olunmaqla icrasına başlanılmışdır. Bu isə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Sonda tələbələrə bu mövzularda videoçarlar nümayiş etdirildi və narkomaniya və insan alveri cinayətlərində zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən “Qaynar xətt” barədə də ətraflı məlumat verildi.