“Vətəndaşlıq mənəm,vətən sənsən,vətən bizik” mövzusunda seminar kecirilib

23.04.2024-çü il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Vətəndaşlıq Mənəm,Vətən Sənsən, Vətən Bizik” mövzusunda seminar keçirilib.

Kollecin müəllimi Tunzalə Quliyeva seminarda çıxış edərək bildirib ki, hələ kiçik yaşlarımızdan valideynlərimizin dilindən “Vətən anadır” - kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. 

Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir “xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.

Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Dahi şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.
Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət - Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” - bu sözlər Ulu öndərimizə məxsusdur. 

Prezidentimiz İlham Əliyev demişdir: "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”.

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” - deyən Ulu öndərimizin dediyi kimi “Biz fəxr də fəxr edirik ki, Azərbaycanlıyıq”.
Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.

Bu gün Azərbaycan xalqı Vətən sevgisi ilə qələbə adlı bir yolçuluğa çıxıbdır. Yolun açıq, məramın mübarəkdir, Vətənim! Sənin hər qarış torpağından  ötrü can vermək şərəflidir. 

24-04-2024, 04:15
up