Kollecdə 44 günlük Vətən müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım günü qeyd olunub

Kollecdə 44 günlük Vətən müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım günü qeyd olunub
Oktyabrın 15-də UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, “Vətən uğrunda” medalına layiq görülən şəhid Şaiq Kəlbiyevin anım günü qeyd olunub. 
Bu münasibətlə Kollecdə keçirilən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən UNEC-in nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Vətənimizin azadlığı və ərazi büövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin həyat salnaməsi bütün nəsillər üçün əsl örnəkdir. 
Sonra tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.
Şəhid Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub.
2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb. Şaiq Kəlbiyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji yüksəkliyinin işğaldan azad edilməsində xüsusilə fərqlənib.
Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

15-10-2024, 15:30
up