"Qərbi Azərbaycanda ekoloji terror” mövzusu tələbələrlə müzakirə olundu

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP- 29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə qruplar üzrə “Qərbi Azərbaycanda ekoloji terror” adlı seminar keçirilib.
Kollecin müəllimləri Qələndər Muxtarlı və Ülviyyə Behbudovanın təşkilatçılığı ilə keçirilən seminarda tələbələrin nəzərinə çatdırılıb ki, Göyçə gölü bu gün məhv olmaq təhlükəsi ilə üzləşib və bunu erməni ekoloqlar Knarik Hovhannisyan, Karine Danielyan da təsdiqləyirlər: “Gölə axan çayların suyunun təmizlənməməsi, ətrafda turizm mərkəzlərindən çirkli suyun axıdılması, eləcə də tullantı sularının gölə axan kanallara atılması bölgədə yeganə şirin su hövzəsini itirmək təhlükəsini yaradır. Göyçə gölünün xilas edilməsi ilə bağlı hökumətə dəfələrlə xəbərdarlıqlar edilməsinə, təkliflər verilməsinə baxmayaraq, heç bir addım atılmayıb. Qərbi Azərbaycanın ekologiyasına vurulan ən böyük zərbədən birinin də qızıl yataqlarının qanunsuz istismarıdır”.
Daha sonra 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda düşmənin əsl vandallıq aktları törətməsini xüsusi vurğulanıb. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələrinin işğalçı ordunun tapdağına məruz qalaraq məhv edildiyini tələbələrin diqqətinə çatdırılıb.
Müəllimlər bütün bunların qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu söyləyiblər.
Sonra BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi tələbələrin diqqətinə çatdırılmışdır: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib. Bu isə olduqca təhlükəli bir amildir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə beynəlxalq qanunlar qarşısında cavab verməlidir”.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən başlayaraq hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Müxtəlif ölkələrin ev sahibliyi ilə təşkil olunan beynəlxalq tədbirin 29-cu konfransı (COP29) noyabrın 11-dən 22-dək paytaxtımız Bakıda keçiriləcək.

21-10-2024, 13:30
up