Kollecdə “Hədəflər-2030 Təmin ətraf mühit və yaşıl artım ölkəsi”adlı tədbir keçirilmişdir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP- 29 və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Ümumi İqtisadiyyat” FBK-nın təşkilitçılığı ilə “Hədəflər-2030 Təmin ətraf mühit və yaşıl artım ölkəsi”adlı tədbir keçirilmişdir.
Tədbirdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin “Ümumi İqtisadiyyat” FBK-nın sədri,iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Cahangirov “Hədəflər-2030 Təmin ətraf mühit və yaşıl artım ölkəsi”mövzusunda məruzə ilə çıxış etmişdir. Nazim Cahangirov çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bunun sayəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. 
Bu gün qloballaşan dünyada böyük iqlim dəyişiklikliyinin baş verməsi fonunda ölkəmizdə ekoloji təmiz texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə, sənaye istehsalında tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi istiqamətində əhəmiyyətli iş aparılır. Eyni zamanda ətraf mühitin qorunması, yaşıllıq sahələrinin artırılması, respublikamızın su ehtiyatlarından və bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu çərçivədə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması vacib şərt kimi çıxış edir.
Azərbaycan Prezidentinin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinın reallaşdırılması istiqamətində apardığı ekoloji siyasət iqtisadi artımla ekoloji mühit arasında tarazlığı, ölkə ərazisində yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməsini, həmçinin respublikanın keyfiyyətli suya tələbatının su resurslarından səmərəli istifadə ilə ödənilməsini, yaşıl texnologiyanın tətbiqinin genişləndirilməsini əhatə edir. Eyni zamanda iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin payını artırmaqla iqlim dəyişikliklərinə təsirin azaldılması əsas amildir.
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, həmçinin bu müddət ərzində elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasının hədəf kimi qarşıya qoyulması Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı kəskin mübarizə apardığının təsdiqidir. Bütün bunlar Prezident İlham Əliyevin 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncamda bir daha öz əksini tapır.
Daha sonra iqtisad üzrə fəlsəfə doktoru Nazim Cahangirov çıxışında bildirmişdir ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçımız 30 illik erməni işğalından azad edilmiş torpaqlarda böyük enerji potensialının olduğunu qeyd etmişdir: "Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim... Bütün bu bölgə dünya üçün "yaşıl enerji" zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik,  mən buna şübhə etmirəm,  həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji - su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır".
“Təmiz ətraf mühit” və “Yaşıl artım” ölkəsi prioritetinin uğurla reallaşdırılması üçün isə yüksək kefiyyətli ekoloji mühitin, yaşıl enerji məkanının yaradılmasının təmin edilməsi əsas məqsəd olmalıdır. Bu prioritetə görə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.
Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının keçirilməsi bu istiqamətdə siyasi iradənin növbəti nümunəsidir. Artıq bütün dünyada Azərbaycanın "yaşıl enerji" dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş də imzalayıb. Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP-29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP-29-a 2024-cü ildə ev sahibi seçilməsi son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Bu qərar bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini təsdiqlədi. Ölkəmiz bu təşəbbüslə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi, beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycan qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələr sırasındadır.
Sonda qeyd olundu ki, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Ətraf mühit və "yaşıl artım" ölkənin dayanıqlı inkişafını təmin edən önəmli amillərdəndir. Qlobal iqlim dəyişmələrinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. Təqribən 200 ölkənin COP-29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı da ölkəmizin həyata keçirdiyi siyasətə hörmətinin və dəstəyinin parlaq sübutudur.

28-10-2024, 17:00
up