Kollecdə 44 günlük Vətən müharibəsi iltirakçısı ilə görüş keçirildi

Yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsini təbliğ etmək,ordumuz haqqında düzgün və müsbət təsəvvür formalaşdırmaq, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Dəmir yumruq” adlı tədbir keçirilmişdir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Bank işi” ixtisasının 467 saylı qrup tələbəsi Ayla Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə 44 gün ərzində torpaqlarımızın düşməndən azad olunmasının video xronologiyası nümayiş olunub.

Kollecin hərbi müəllimi Xəlil Hüseynov Azərbaycan tarixinin şərəfli səhifələrindən, Vətən müharibəsinə xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışılıb.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunması əməliyyatlarında könüllü iştirak etmiş  Elburus Mikayılov çıxışında müharibə təəssüratlarını bölüşüb, ordumuzun göstərdiyi qəhrəmanlıq haqqında danışıb. 

Xalq-ordu birliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi nəticəsində 4 ildir ki, Zəfər sevincini yaşayırıq deyən Elburus Mikayılov daha sonra keçmiş döyüşçülərin hər zaman dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini və istənilən əmrə hazır olduqlarını bildirdi.   

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov şanlı qələbəyə görə Azərbaycan ordusuna təşəkkür edib.

Daha sonra Şəhriyar Laçınov çıxışında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gənclərində vətənpərvərlik ruhu kifayət qədər yüksək idi. Hələ Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Prezident İlham Əliyev uğurlu gənclər siyasəti həyata keçirməklə, gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir, gənclərə olan sonsuz inam və etimadını nümayiş etdirir.



16-12-2024, 03:16
up