UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq “Bizim meşələr” adlı xüsusi dərs təşkil olunmuşdur.
Kollecin coğrafiya müəllimi Mehriban Aslanova tərəfindən təşkil olunan dərsdə tələbələrə BMT-nin Baş Assambleyası tərəfindən hər il 21 mart tarixinin “Beynəlxalq Meşələr Günü” elan edilməsindən,meşələrin sağlamlığımız üçün suyu və havanı təmizləməsindən, iqlim dəyişikliyi ilə mübarizədə karbon tutucu funksiyanı yerinə yetirməsindən geniş şəkildə söz açıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.
Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.
Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.
Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.
Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şose və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).
Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000–2001-ci ildə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6–1,9 dəfə çoxdur. Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.
Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000–2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2–5 dəfə çox olmuşdur.
Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.
2005-ci ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500 hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstəricilər 2000–2001-ji ilin göstəricilərindən meşəbərpa tədbirləri üzrə 2–2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6–10 dəfə çoxdur.
"Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram"ın tələblərinə uyğun olaraq 2006-cı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Göstərilənlərlə yanaşı meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir.


