Kollecdə iki Milli Qəhrəmanın doğum günü qeyd edildi

Şəhidlər ölmür, onlar daim bizim qəlbimizdə yaşayırlar.


Şəhidlik! Ən müqəddəs və ən uca zirvə. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür.  

UNEC nəzdində Sosial İqtisadi Kollecdə Vətənimizin müdafiəsi uğrunda canlarından kecmiş iki Milli Qəhrəmanın doğum günü qeyd edildi. Kollecin Gənclərin çağrışa qədərki hazırlığı üzrə rəhbəri Xəlil Hüseynovun təşkilatçılığı ilə qruplarda Milli Qəhrəmanlarımız Mirəsgər Seyidov və Mübariz İbrahimovun doğum günü ilə bağlı xüsusi dərslər keçirildi.  

Xəlil Hüseynov tələbələrə Milli Qəhramanların keçdiyi şərəfli həyat yolundan danışıb,onların şücayəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Mirəsgər Seyidov 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub. 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. 1990-cı ildə hərbi xidmətini başa vuraraq öz doğma yurdu Naxçıvana dönüb. Ancaq həmin dövrlərdə ermənilərin “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə törətdikləri vəhşiliklər qədim Naxçıvan torpaqlarından da yan keçməyib. Erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan qoparıb öz caynaqlarına almağa çalışırdı. Bu çətin günlərdə M.Seyidov da könüllü olaraq hərbi xidmətə yollanır. O, Babək rayonu Yuxarı Buzqov kənd özünümüdafiə batalyonunun tərkibində vuruşur. M.Seyidov bir neçə dəfə ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatıb. Onun son döyüşü isə iyunun 14-də olub. O, bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralanıb və şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib”. 

Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən söz açan Xəlil müəllim qeyd edib ki, Mübarizin qəhrəmanlığı nəinki Azərbaycanda, bütün  dünyada böyük əks-sədaya səbəb olub.O, 22 yaşında Azərbaycanın Milli Qəhrəmanı oldu. Qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.O, xidmət etdiyi  cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur. Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.

Bildirildi ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verildi. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilərək  Biləsuvar şəhərindəki  Lisey-Məktəb Kompleksinə, eyni zamanda Biləsuvar rayonunun mərkəzi küçələrindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Məhz 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli minlərlə cəsarətli Vətən övladları yetişib və bu ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarını cəmi 44 gün ərzində azad etdi.

Sonda Xəlil müəllim bildirib ki, Azərbaycan xalqının qüruru, fəxri olan Milli Qəhrəmanlarımızın xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

 

7-02-2025, 03:48
up