Kollecdə 21 Fevral- Beynəlxalq Ana Dili Günününə həsr olunmuş xüsusi dərs keçirilib

UNEC nəzdində Sosial İqtisadi Kollecdə 21 Fevral- Beynəlxalq Ana Dili Günününə həsr olunmuş xüsusi dərs keçirilib.
"Maliyyə işi" ixtisasının 130- cu qrupunda təşkil olunan dərsdə Kollecin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəvahir Tanrıverdi çıxış edərək ana dilimizin yaranma tarixindən söhbət açıb:

Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür...

Tələbələrdən Məmmədova Gülbanu Xəlil Rza Ulutürkün "Mənim dilim" şeirini səsləndirdi. Digər tələbələr isə Cəfərzadə Fatimə, Hacıyeva Aysel, Süleymanlı Xədicə, Əlizadə Mərziyə, Nuriyeva Ayşə, Quluzadə Ziya, Lətifzadə Azay 21 Fevral- Beynəlxaq Ana Dili Gününə həsr olunmuş mövzularda çıxışlar etdilər.


21-02-2025, 00:28
up