“Ölülər” əsəri Dəyirmi Masada müzakirə olundu

UNEC nəzdində Sosial İqtisadi Kollecin kitabxanasında Azərbaycan ədəbiyyatının ən böyük simalarından biri – Cəlil Məmmədquluzadənin yaradıcılığına, xüsusilə də onun ölməz əsəri “Ölülər” və bu əsərin motivləri əsasında çəkilmiş “O dünyadan salam” filminə həsr olunmuş dəyirmi masa keçirilib. 

Kollecin kitabxana informasiya mərkəzinin müdiri Xanım Vəliyeva bildirib ki, bu gün təşkil olunan dəyirmi masada həm əsər, həm də film müzakirə ediləcək, əsərlə filmin bir-birinə bənzər və fərqli cəhətləri araşdırılacaq. Daha sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında danışaraq qeyd edib ki, Cəlil Məmmədquluzadə yalnız yazıçı deyil, həm də böyük maarifçi, ictimai xadim və dövrünün ən qabaqcıl ziyalılarından biri idi. O, 1869-cu ildə Naxçıvanda dünyaya gəlib və ömrü boyu Azərbaycan xalqının tərəqqisi üçün çalışıb. Xüsusilə, onun yaratdığı “Molla Nəsrəddin” jurnalı bütün müsəlman dünyasında maarifçilik hərəkatına ciddi təsir göstərib. Cəlil Məmmədquluzadənin əsərlərinin əsas mövzusu cəhalət, fanatizm, sosial ədalətsizlik və insanların dini mövhumata aldanmasıdır.

Bu baxımdan, “Ölülər” pyesi onun yaradıcılığında xüsusi yer tutur. 1909-cu ildə yazılan bu əsər, yalnız teatr üçün nəzərdə tutulmuş bir pyes deyil, eyni zamanda cəmiyyətin problemlərinə güzgü tutan satirik bir dramdır. Əsərdəki Şeyx Nəsrullah obrazı, insanları din adı ilə aldadan və bundan mənfəət güdən saxtakar din xadimlərinin simvoludur. Əsərdə əsas fikir budur ki, insanlar şüurlu və azad olmalı, kor-koranə inancların əsiri olmamalıdırlar.

Bu mövzu illər keçsə də aktuallığını itirməmiş və 1991-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən əsərin motivləri əsasında “O dünyadan salam” filmi çəkilmişdir. Film əsərdəki əsas ideyanı ekran dili ilə daha müasir formada çatdırmağa çalışır. Burada da mövhumat, avamlıq və insanların dini istismar edənlər tərəfindən necə aldadıldığı göstərilir.

Bu dəyirmi masanın əsas məqsədi Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri ilə “O dünyadan salam” filmini müqayisə edərək, onların toxunduğu mövzuları, oxşar və fərqli cəhətlərini araşdırmaqdır. Biz müzakirələrimizdə satiranın gücü, cəmiyyətə təsiri və maarifçiliyin önəmi barədə danışacağıq. Əsərin teatr dili ilə ekran dili arasındakı fərqləri incələyəcək, müəllifin və rejissorun eyni ideyanı necə fərqli formalarda təqdim etdiyini analiz edəcəyik.

Ümid edirəm ki, bu müzakirələr bizə maariflənmə, cəmiyyətin problemlərinə fərqli baxış bucağı və tənqidi düşünmə bacarığı qazandıracaq. Hər kəsə fəal iştirak etməyi arzu edir və maraqlı müzakirə olmasını diləyirəm.

Tədbirin yekununda  iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və müzakirələrdə aktiv iştirak edən tələbələrə kitablar hədiyyə olunub.


19-03-2025, 03:46
up