Beynəlxalq İnternet Günü hər il aprelin 4-də qeyd olunur. Bu münasibətlə UNEC nəzdində Sosial İqtisadi Kollecdə Beynəlxalq İnternet Günü qeyd edilib.
Kollecin “İnformatika” FBK-nın müəllimi Təranə Abdullayevanın təşkilatçılığı ilə “İdarəetmə” ixtisasının 242-ci qrupunda keçirilən xüsusi dərsdə tələbələrin nəzərinə çatdırılıb ki, katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şəbəkəsini insan bilikləri xəzinəsi adlandırıb. Uzun müddət namizədlər arasında seçim edən Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi müqəddəs İsidor ola bilər. Öz qərarını şərh edən II İoann Pavel bildirib ki, insan biliklərinin xəzinəsi internetdir, buna görə də o, bu missiyanı müqəddəs İsidora həvalə edib.
O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır. S.İsidor 636-cı ilin bu günü dünyasını dəyişib. Bundan başqa, bu tarixin qısa yazılışı (4.04) geniş yayılmış və şəbəkənin demək olar ki, hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğun gəlir.
Daha sonra T.Abdullayeva “Qlobal Rəqəmsal 2025” hesabatı ilə tələbələri tanış edib. Hesabatda qeyd edilib ki, 2025-ci ilin əvvəlində dünyada 5,56 milyard internet istifadəçisi olacaq ki, bu da 67,9 faiz penetrasiya nisbətini təmsil edir. İstifadəçilərin sayı 2024-cü ildə 136 milyon nəfər artıb (2,5 faiz artım), amma 2,63 milyard insan hələ də oflayn rejimdə qalır.
Hesabata görə, 2025-ci ilin əvvəlində Azərbaycanda 9,23 milyon internet istifadəçisi olub və internetin nüfuzetmə səviyyəsi 89 faiz təşkil edib. 2025-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda təqribən 6,73 milyon sosial media istifadəçisi var ki, bu da ümumi əhalinin 64,9 faizini təşkil edir.
“Kepios”un son məlumatlarına görə, dünya üzrə qeydiyyatdan keçmiş sosial media istifadəçilərinin sayı 5,24 milyarda çatıb ki, bu da planetimizin əhalisinin 63,9 faizini təşkil edir. Son 12 ayda bu rəqəm 206 milyon yeni istifadəçi sayəsində 4,1 faiz artıb.
Xatırladaq ki, İnternet Günü həm də sentyabrın 2-də qeyd olunur. 1969-cu ilin bu günündə Kaliforniya Universiteti, Los-Anceles və Stenford Araşdırma İnstitutu ilk dəfə məlumatların bir kompüterdən digərinə ötürülməsini həyata keçirə bilib. Daha sonra bu şəbəkəyə daha iki kompüter qoşulub, bundan sonra ARPANET şəbəkəsinin dörd kompüteri arasında test məlumatının ötürülməsi həyata keçirilib.
Bundan əlavə, 17 mayda da İnternet Günü qeyd olunur. 1991-ci ilin bu günündə WWW səhifələri üçün standart (“World Wide Web”) təsdiqlənib, bundan əvvəl yalnız e-poçta, xəbər bülletenləri və faylların yüklənməsi mövcud idi.
Bu gün internet ustaları və proqram tərtibatçıları da öz peşə bayramlarını qeyd edirlər. Bu bayram hələ də qeyri-rəsmidir, lakin ildən-ilə daha da populyarlaşır.

