Kollecdə Milli Qəhrəman Qasım Rzayevin 55 illiyi qeyd olunub

Topaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət hec vaxt unudulmayacaq.
UNEC nəzdində Sosial İqtisadi Kollecdə Vətənimizin müdafiəsi uğrunda canından kecmiş Milli Qəhrəman Qasım Qara oğlu Rzayevin doğum günü qeyd edilib. Kollecin gənclərin çağrışa qədərki hazırlığı üzrə rəhbəri Xəlil Hüseynovun təşkilatçılığı ilə qruplarda kecirilən xüsusi dərslərdə Milli Qəhrəmanlarımız şərəfli həyat yolu haqqında tələbələrə geniş məlumatlar verilib.
Daha sonar Xəlil Hüseynov bildirib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında 2010-cu ildən vətənpərvərlik mövzusunda Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Azərbaycanın Milli qəhrəmanları haqqında 40-dan çox sənədli film çəkilib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Milli Qəhrəman Qasım Rzayevin həyatı və döyüş yoluna həsr olunmuş “Qasımın andı” adlı filmi cəkilmişdir.Bundan başqa ssenari müəllifi və rejissoru Namiq Qurbanovun ekranlaşdırdığı “Hər şey müharibə ilə qurtardı” filmi də Milli Qəhrəman Qasım Rzayevə həsr olunub.
Rzayev Qasım Qara oğlu 5 may 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində doğulub. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra sürücü ixtisasına yiyələnib. 1988-ci ildə Sovet ordusu sıralarına çağırılıb. Ukraynanın Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət edib. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. 1990-cı ildə əsgərlik xidmətini başa vurub doğma kəndinə dönmüş və az sonra könüllü özünümüdafiə dəstəsinə yazılaraq, erməni quldurlarına qarşı döyüşə girmişdir. O, Milli Ordumuzun ilk əsgəri kimi Muncuqlu, Köxanəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşub. Qasım idarə etdiyi maşına mərmiatan qurğu quraşdıraraq düşmənin başına od ələyirdi. 1992-ci ilin əvvəllərində Tovuz rayonunun sərhədləri boyunca gərgin vəziyyət yaranmışdı. Sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza soxulmağa cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olurdular. Fevralın 11-də ermənilərin “Qan çanağı” deyilən tərəfdən hücumu gözlənirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üz tutdu. Günortaya yaxın düşmənin həmləsi dəf edildi. Ermənilərin bir PDM-i və onlarla əsgəri məhv edilib. 14 may 1992-ci ildə düşmən ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçmişdi. Qasım özünü hadisə yerinə yetirdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyyən edərək, bir-birinin ardınca 20 raket atdı. Bir müddət ətrafa sakitlik çökdü. Çox keçmədən ermənilər yenidən top atəşinə başladılar. Mərmilərdən biri maşının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında əbədiyyətə qovuşub.
1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Əlibəyli kənd qəbiristanlığında dəfn edilib. Hazırda Hacallı kənd orta məktəbi onun adını daşıyır.

CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

5-05-2025, 13:42
up