Milli Qəhrəman Famil İsgəndərovun doğum günüdür

Mayın 15-i xatirəsi xalqımız üçün əziz olan vətənin igid oğlu Milli Qəhrəman Famil İsgəndərovun doğum günüdür. Qəhrəmanımızın ömür yoluna nəzər saldıqda Vətənimizi, müstəqil dövlətimizi necə oğullar sayəsində qazanmış olduğumuzu bir daha xatırlayıb, bir daha qürur duyuruq!
UNEC nəzdində Sosial İqtisadi Kollecdə Milli Qəhrəman Famil İsgəndər oğlu İsgəndərovun doğum günü qeyd edilib. Kollecin gənclərin çağrışa qədərki hazırlığı üzrə rəhbəri Xəlil Hüseynovun təşkilatçılığı ilə qruplarda keçirilən xüsusi dərslərdə Milli Qəhrəmanlarımızın şərəfli həyat yolu haqqında tələbələrə geniş məlumatlar verilib.
Famil İsgəndər oğlu İsgəndərov 1975-ci il may ayının 15-də Bakı şəhərində doğulub. 1991-ci ildə 157 saylı orta məktəbi bitirib. 1993-cü ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb, Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə iştirak edib. Murovdağın geri qaytarılması zamanı ayağından yaralanıb. 1995-ci ilin martında dövlət çevirilişinə cəhdin qarşısını alan dəstənin tərkibində igidlik göstərib. 1995-ci il martın 17-də döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb və həyatını xilas etmək mümkün olmayıb.
Ölümündən sonra ölkə qarşısında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
“İgid ölər adı qalar” - deyib atalarımız. Dövlətimiz qəhrəmanımızın adını təhsil aldığı 157 saylı və Dağıstan Respublikası Qasımkənd rayonunun Uluqadağ kəndindəki orta məktəblərə verərək əbədiləşdirmişdir. Eyni zamanda, onun büstü 157 saylı məktəbin önündə ucaldılmış, yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

15-05-2025, 14:29
up