Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.
UNEC nəzdində Sosial İqtisadi Kollecin "İdarəetmə"şöbəsinin 246-cı qrup tələbələri Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram münasibəti ilə "İstiqlal"muzeyində olublar.
Qrup rəhbəri Pərvanə Həsənova Beynəlxalq Muzeylər Gününün yaranması haqda tələbələ məlumat verərək bildirib ki,bu gün ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib.Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 22 000 eksponatdan artıqdır.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olduğunu bildirən Pərvanə Həsənova daha sonra qeyd edib ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Tələbələr Azərbaycan İstiqlal Muzeyində nümayiş olunan rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlarla tanış olublar.





