Kollecdə Milli Qəhrəman Yevgeni Karlovun doğum günü qeyd edildi

31 may Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Karlovun doğum günüdür.Bu münasibətlə UNEC nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın suverenliyi,müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin"Mühasibat uçotu" ixtisasının 596 saylı qrupun tələbələrinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın döyüş yoluna nəzər yetirilmişdir.
 UNEC nəzdində Sosial İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev və kollecin həmkarlar təşkilatının rəhbəri Şahgül Qardaşəliyev çıxış edərək şəhidliyin Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq olduğunu vurğulayaraq şəhidimizin həyat yolundan bəhs etdilər.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik  də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə  ucalmaq nəsib olmur.
Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. Bu gün hər bir ölkə vətəndaşı  "Bu Vətən bizimdir" deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir.
Yevgeni Nikolayeviç Karlov hər zaman bizim qəlbimizdədir, o həmişə Azərbaycan xalqı üçün yaşayır və yaşayacaq!
Tədbirdə Milli Qəhrəman Yevgeni Nikolayeviç Karlovun xatirəsinə şeirlər səsləndirilib,onun haqqında tələbələrin hazırladığı video çarx nümayiş olunub.
 Yevgeni Nikolayeviç Karlov 1960-cı il mayın 31-də Rusiyanın Tula vilayəti Dubovka qəsəbəsində anadan olub. O, təyyarəçi kimi hərbi xidməti Azərbaycanda keçirib, Azərbaycan xalqının erməni işğalçılarına qarşı müharibəsində könüllü iştirak edib, Ağdam, Ağdərə, Füzuli istiqamətlərində döyüşlərdə dəfələrlə fədakarlıq göstərib,
Ailəli idi. İki övladı vardı.
Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir

29-05-2025, 16:30
up