27 Sentyabr – Anım Günü ilə bağlı UNEC nəzdində Sosial-İqtisadi Kollecdə silsilə tədbirlər keçirilib. Kollecin tələbə həmkarlar təşkilatının təşkilatçılığı ilə “Zəfərə aparan yol”adlı təşkil olunan tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev, qazilər və valideynlər də iştirak edib.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tələbələr 27 Sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunmasından, 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa olunmasından danışıblar.
UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov çıxışında qeyd edib ki, 27 Sentyabr – Anım Günü Vətən müharibəsi Azərbaycanın şanlı tarixi, qəhrəman əsgər və zabitlərimiz isə xalqımızın qürur mənbəyidir. Şəhidlərimizin qanı bahasına qazanılan Qələbə xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. 27 Sentyabr – Anım Günü məhz həmin qəhrəmanların müqəddəs ruhuna ehtiramın rəmzidir. Bu gün xalqın öz şəhid balalarını, qazi oğullarını andığı ümumxalq birlik günüdür. Bu çətin, eyni zamanda, qürurverici bir andır. Bu gün Azərbaycan xalqı özünün üç min nəfərə yaxın şəhid övladını anır, eyni zamanda, bu oğulların sayəsində torpaqlarımızın azad olunmasının sevincini yaşayır. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Tədbirdə tələbələr Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə cansağlığı versin!