UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə ömrünü xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs insanların - müəllimlərin peşə bayramı qeyd olunub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə tələbələr həyatını bu şərəfli peşəyə həsr edən, fədakar, xalqına, millətinə sədaqətli müəllimləri təbrik edərək, hazırladıqları səhnəcikləri, şeir və musiqi ifalarını nümayiş etdiriblər.
Tədbirdə Kollecin tədris işləri üzrə direktor müavini Xanım Məmmədova və ədəbiyyat müəllimi Aynur Ağamalıyeva çıxış edərək bu gün qalib xalqın qalib müəlliminin nüfuzundan və əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pedaqoji fəaliyyətə böyük qayğı və diqqətindən danışıblar.
Kollecin direktoru Mübariz Hacıbəyov da öz növbəsində gənc nəslin təlim və tərbiyəsində müəllimlərin əvəzsiz rolundan, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısından söz açıb və müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıb.
Bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edən Mübariz Hacıbəyov daha sonra qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də müəllim ordusu üçün əziz gündür. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Bütün dövrlərdə hər bir insanın yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olub. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.
Sonda Kollecin müəllimi Kifayət Zeynalova təhsil sahəsində göstərdiyi xidmətlərə görə təşəkkürnamə ilə təltif olunub.
Tədbirin təşkilində göstərdiyi dəstəyə görə kitabxana müdiri Xanım Vəliyevaya da təşəkkür elan edilib.