Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18 mart 2025-ci il tarixli 3-29/3-2-128F/2025 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə “Kargüzarlıq və sosial iş” FBK-nın təşkilatçılığı ilə “İdarəetmə” şöbəsinin “Kargüzarlıq və arxiv işi” ixtisasının 330 saylı qrupunda “Suveren ölkəm” mövzusunda xüsusi dərs təşkil olundu.
“Kargüzarlıq və sosial iş” FBK-nın sədri Eynulla Musayev çıxış edərək bildirmişdir ki, dövlət suverenliyi anlayışı hər bir xalqın azad yaşamaq, öz gələcəyini sərbəst müəyyənləşdirmək və milli maraqlarını müdafiə etmək hüququnun ən ali ifadəsidir. Suverenlik dövlətin həm daxili, həm də xarici siyasətdə müstəqilliyini təsbit edir, onu başqa dövlətlərdən və hər hansı xarici təsirdən asılı olmadan qərar qəbul etmək gücünə malik edir. Bu baxımdan dövlət suverenliyi sadəcə hüquqi-siyasi anlayış deyil, həm də milli varlığın, mövcudluğun və inkişafın təməlidir.
Azərbaycan xalqı üçün suverenlik anlayışı xüsusilə müqəddəsdir. Tarixi boyu xalqımız müstəqillik arzusu ilə yaşamış, müxtəlif çətinliklərə baxmayaraq milli dövlətçilik ideyasını qoruyub saxlamışdır. Əsrlər boyu mövcud olmuş dövlətlərimiz – Şirvanşahlar dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və digərləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin dərin köklərə malik olduğunu göstərir. Lakin XIX əsrin əvvəllərindən etibarən Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalı nəticəsində xalqımız müstəqil dövlət qurmaq imkanından məhrum oldu. Buna baxmayaraq, milli azadlıq ideyası heç vaxt sönmədi, əksinə daha da möhkəmləndi.
Ərazilərimizin işğaldan azad edilməsi, öz torpaqlarımızda suverenliyimizin bərqərar edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Artıq Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoyub. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazilərimizdə suverenliyimizin bərpa olunması dövlətimizin ciddi bir uğurudur. Bu gün tək cənubi Qafqazda deyil, eləcə də bütün dünyada Azərbaycan öz dövlətçiliyini günü-gündən möhkəmlədən, öz torpaqlarını işğaldan azad edən, bütün ərazisində suveren hüquqlarını bərpa edən dövlət kimi yüksək dəyərləndirilir. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir.Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Azərbaycan xalqı 2023-cü ilin 19-20 sentyabrında tariximizə Qarabağda separatizmin məhv edildiyi günü, bu müqəddəs bayramı, Dövlət Suverenlik Gününü həmişə böyük təntənə ilə qeyd edəcək. 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxmış şanlı Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə erməni separatçılarına qarşı lokal xarakterli antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat davam etmiş antiterror əməliyyatında qazanılan Qələbə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə nəticələndi. Xalqımızın həyatında böyük əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Dövlət Suverenliyi Günü bizə yalnız tariximizi xatırlatmır, həm də gələcək nəsillərə mühüm məsuliyyət yükləyir. Suverenliyin qorunması üçün hər bir vətəndaş, xüsusən də gənc nəsil üzərinə düşən vəzifəni dərk etməli, dövlətçilik ideyalarına sadiq olmalıdır. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli dəyərlərə bağlılığı və dövlətə sədaqəti Azərbaycanın gələcək mövcudluğunun təminatıdır.
“Kargüzarlıq və arxiv işi” ixtisasının 330 saylı qrupunun tələbələri Səyalı Sayadlı, Göyçək Çobanova, Murad Əliyev, Minayə Hüseynova, Mədinə Orucova, Aysu Süleymanova, Zəhra Əliyeva, Zeynəb Əzimova,Afaq Allahverənova, Amin Məmmədli, Leyla Bayeva, Lamiyyə Şalbuzova, Lətifə Bayramova, Mehparə Bəbişova mövzu ilə bağlı müzakirələrdə aktiv iştirak etdilər.


