Bu il Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 34 illiyini qeyd edir. Bu münasibətlə UNEC nəzdində Sosial İqtisadi Kollecdə “Mənim müstəqil Azərbaycanım”adlı tədbir kecirilib.
Tədbirdə UNEC nəzdində Sosial İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev cıxış edərək bildirdi ki, 34 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bütün dünyaya Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu bəyan edib.
Azərbaycan dövlətinin və xalqının öz müstəqilliyinin bərpasının 34 illliyini qalib dövlət olaraq qeyd etdiyini söyləyən Zaur Vəliyev daha sonra qeyd edib ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi.
2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpası idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu. 2023-cü il, sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri zamanı isə Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdilər. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik və dövlətin konstitusiya quruluşu tam bərqərar oldu.
Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!
Tədbir Müstəqilliyin Bərpası Günü ilə bağlı tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.






