Gənclərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki onlarda sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır.
Təhsil mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır.
Bu günlərdə UNEC nəzdində Sosial İqtisadi Kollecin bir qrup tələbəsi Bakının Xəzər rayonun Şağan qəsəbəsində Azərbaycanda ilk Bədii-Etnoqrafik (Etno-Art) "XƏZƏR" muzeyində olublar.
Muzeyinin yaradıcısı Səyavuş Əlizadə tələbələrə məlumat verərək bildirib ki, o, 22 ildən çoxdur ki, kolleksiya yığır. Muzeydə 12 min eksponat var. Muzeydə nümayiş olunan eksponatların əksəriyyətini kənd sakinləri bağışlayıb. Muzey 24 saat fəaliyyət göstərir. Muzeyə giriş pulsuzdur.
Qeyd edək ki,Şağan orta ümumtəhsil məktəbinin direktoru Sevda Abdulayeva kolleksinerə muzey yaratmaq ücün öz həyətyani ərazisini ona təmənnasız verib.
Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Muzeylərin əksəriyyəti dövlət muzeyləridir.









