Kollecdə "Beynəlxalq Ana dili günü" qeyd edildi

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə 21 Fevral - Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirlərdə tələbələrə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verildi.

Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov açdı. O,bildirdi ki, bu gün dilimizin dövlət statuslu dillər arasında olması qururverici bir hadisədir. 

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən V.Orucov  ümummilli lider Heydər Əliyevə minnətdar olmalı olduğumuzu vurğulayaraq,dilimizin keçdiyi inkişaf yolundan ətraflı söhbət açdı.

Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin ana dilimiz haqqında dəyərli fikirlərini əks etdirən tarixi kadrlara baxdılar.

Tədbirdə Dil-Ədəbiyyat FBK-nın müəllimləri Aynur Ağamalıyeva və Aytən Piriyevanın məruzələri dinlənildi.

Dilin xalqın varlığı, milli kimliyi olduğunu söyləyən Aytən Piriyeva bu əlamətdar günün tarixi barədə ətraflı məlumat verdi. Bildirdi ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər tələbə şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i “Beynəlxalq Ana Dili Günü” elan edilib. O, Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyərək, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd etdi. Həmçinin,Prezident İlham Əliyevin də daim ana dilimizə diqqət göstərdiyini və qayğı ilə yanaşdığını deyən məruzəçi ölkə başçısı tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamları imzalaması dilimizin inkişafı yolunda atılan konkret addımlardır.

Aynur Ağamalıyeva da öz çıxışında Azərbaycan dilinin rəngarəngliyi barədə məlumat verərək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan tələbələrə dilimizə sevgivə hörmət hissini aşılamağın vacibliyini vurğuladı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ulu öndər Heydər Əliyevin doğma dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu və bu gündə bu istiqamətdə işlərin İlham Əliyev tərəfindən davam edildiyini qeyd etdi.

Tədbir tələbələrin şeir və çıxışları ilə başa catdı.







21-02-2022, 10:19
up