Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin arxiv müdiri Nərmin Haşımzadə tələbələrlə maarifləndirici görüş keçirmişdir.
Görüş “Arxiv işi və kargüzarlıq” ixtisasında oxuyan tələbələrin bu sahə üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə təşkil olunmuşdur.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin arxiv müdiri Nərmin Haşımzadə tələbələrlə arxiv fondlarının mühafizəsi və uçotu haqqında ətraflı məlumat vermişdir.
Arxiv işinin təşkili zamanı arxivçi sənədlərin mühafizəsi üçün texniki vasitələrin siyahısını müəyyən edir, onların tətbiqi və düzgün istismarına nəzarət edir. Sənədlərin məqsədli ekspertizası, xüsusilə qiymətli sənədlərin aşkar olunması və mühafizəsi, uçotu, EMA-nın yaradılması işini təşkil edir. Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanması, bərpası, cildlənməsi, qutulara yığılması, dezinseksiya, dezinfeksiya, profilaktikası işlərini müəyyən edir.
Mühafizəxanalara sənədlərin qəbulu və verilməsini təşkil edir. Sənədlərin mühafizəsinə aid qüvvədə olan normativ sənədlərə şöbədə əməl olunmasına nəzarət edir. İtmiş sənədlərin axtarılmasını təşkil edir. Sənədlərin mühafizəsi üzrə texniki təcrübəni öyrənir və işdə tətbiq edir. Arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsi, elektron siyahıların yaradılması, arxivdə elektron xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir. Ona təhkim edilmiş və arxivin balansına daxil edilmiş əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə etmək hüququna malikdir, əmlakın və digər qiymətlilərin, o cümlədən arxiv sənədlərinin qorunmasına məsuliyyət daşıyır.
Vəzifəyə dair tələbləri tələbələrin diqqətinə çatdıran N.Haşımzadə daha sonra bildirmişdir ki, arxivçi mütləq əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını, yanğından mühafizə qaydalarını, əmək intizamı haqqında qaydaları bilməlidir.



