“17 noyabr dövlətimiz və xalqımız tərəfindən "Milli Dirçəliş Günü" kimi qeyd edilir. 1988-ci ilin 17 noyabrında Bakının “Azadlıq” meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Xalq kütlələri meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi”.
Bu sözləri UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə keçirilən tədbirdə kollecin tarix müəllimi Aynur Qurbanova söyləyib.
A.Qurbanova daha sonra bildirdi ki,Topxana meşəsində Yerevan alüminium zavodunun filialının tikilməsi Azərbaycan xalqında böyük narazılıq doğurdu. Əslində meydan hərəkatı təkcə Topxana söhbəti ilə bağlı olmamış, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qarşı ərazi iddiası ilə əlaqədar baş vermişdir.
Ermənistan tərəfindən atılan bu məkrli addımı Azərbaycan xalqı yaxşı başa düşürdü. Yaxşı bilinirdi ki, bu çirkin niyyətlərin arxasında Azərbaycanın bir dövlət kimi məhv edilməsi, Respublikamızda gedən demokratik proseslərin, müstəqilliyə meylin qarşısının alınması durur.
Meydan hərəkatı, həm də 1918-20-ci illərdə Şərqdə ilk demokratik respublika quran bir xalqın yaddaşının tamamilə ölüb getmədiyinin əlaməti idi və xalqımız həmin müstəqil dövlətini bərpa etmək istəyirdi.
Bu hərəkatda Azərbaycan xalqının bütün təbəqələri eyni məslək altında birləşmişdi. 1988-ci il noyabrın 17-dən dekabrın 5-nə dək davam edən meydan hərəkatının Azərbaycanın milli azadlıq hərəkatı tarixində xüsusi, əvəzedilməz rolu vardır. Bu hərəkat Bakıda getsə də Azərbaycanın bütün bölgələrini əhatə edirdi.
Azərbaycan xalqı bu prosesdə ilk növbədə özünün həmin dövrdəki rəhbərlərinin artıq Azərbaycan xalqını təmsil edə bilməməsini üzə çıxardı və onların imperiya siyasətinin həyata keçirilməsinin ifşasına nail oldu.
1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə meydandakıların üzərinə silahlanmış əsgərlər göndərildi.
Xalq burada əzilsə də, döyülsə də bütün dünyaya bildirdi ki, biz öz torpaqlarımızdan heç nədən, hətta ölümdən belə qorxmadan əl çəkməyəcəyik. Ümummilli lider Heyər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi və xalqımızı olum və ya ölüm dilemması qarşısında qaldığı vaxtda xilas etdi. Xalqımız üçün kritik olan o dövrdə Ulu Öndərin xilasedici missiyası Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
33 ildən sonra Müzəffər Ali Baş Komandanımız və Ordumuz Şuşanı işğaldan azad etdi, Qarabağı Azərbaycana qaytardı. Azərbaycan bütün dünyaya haqlı olduğunu sübut etdi, şərəfli, ləyaqətli döyüşlə öz torpaqlarını azad etdi. 44 günlük müharibə Azərbaycanın necə güclü, peşəkar orduya malik olduğunu, ən müasir texnikalarla XXI əsrin ədalətli müharibəsini apardığını göstərdi.
Artıq beş ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.
Hazırda azad olunmuş bütün ərazilər dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.
Milli Dirçəliş günün mübarək, Azərbaycan!
Tədbir kollecin tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.




