Sosial-İqtisadi Kollecdə tələbə təşkilatları yenidən formalaşdı

Bu gün UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 2 tələbə təşkilatı və onların nəzdində 7 klub fəaliyyət göstərir. Həmin tələbə təşkilatlarına və klublarına seçkilərin başa çatması ilə əlaqədar görüş keçirildi.

Görüşdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov yeni seçilmiş sədrlərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq qarşıda duran vəzifələr haqqında tövsiyələrini verdi.

Direktor M.Hacıbəyov daha sonra Kollecdə tələbə təşkilatlarının yaradılmasında əsas məqsədin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdən ibarət olduğunu qeyd etdi.

Görüşdə Tələbə Gənclər Təşkilatının sədri Aytac Hüseynova və Tələbə Həmkarlar Təşkilatının sədri Ümid Orucov çıxış edərək rəhbərlik etdikləri təşkilatların fəaliyyət istiqamətləri, tələbələrin ictimai-sosial aktivliklərinin artırılması məqsədilə həyata keçirəcəkləri tədbirlər barədə ətraflı məlumat verdilər.

“Kitabsevərlər”klubunun sədri Xədicə Həşimzadə, “Könüllülər” klubunun sədri Elşən Quliyev, “Asudə vaxtın təşkili” klubunun sədri Cabir Hüseynov, “Kiber” klubun sədri Ruslan Xəlilzadə, “Rəqəmsal iqtisadçılar” klubunun sədri Sadiq Şükürov, “İdman” klubunun sədri Məhəmməd Novruzov və “Bədii yaradıcılıq” klubunun sədri Ləman Quliyeva çıxış edərək onlara göstərilən etimada görə təşəkkür etdilər və hər biri gələcək fəaliyyətləri haqqında məlumat verərək bildirdilər ki, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı,onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi,mədəni-kütləvi tədbirlərə cəlb edilməsini,zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi işində səfərbər olacaqlar.

 

25-11-2025, 01:06
up