Kollecdə Kitabsevərlər Klubunun təşəbbüsü ilə ədəbi seminar keçirilib

Kollecdə Kitabsevərlər Klubunun təşəbbüsü ilə ədəbi seminar keçirilib

Kollecdə fəaliyyət göstərən Kitabsevərlər Klubunun təşkilatçılığı ilə “Mən yazıçı olsaydım, əsərin sonunu necə bitirərdim?” mövzusunda ədəbi seminar keçirilib.
Seminarın əsas məqsədi tələbələr arasında oxu mədəniyyətinin təşviqi, yaradıcı və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də ədəbiyyata marağın artırılması olub. Tədbir zamanı iştirakçılar klassik və müasir ədəbi əsərlərə fərqli yanaşmalar təqdim edərək alternativ sonluqlar ətrafında geniş fikir mübadiləsi aparıblar.
Seminarı giriş sözü ilə açan kollecin direktoru Mübariz Hacıbəyov bu cür ədəbi tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Daha sonra Kitabxana müdiri Xanım Vəliyeva çıxış edərək kitabxananın oxucular üçün yaratdığı imkanlardan və oxu mədəniyyətinin inkişafında kitabsevərlərin rolundan danışıb.
Tədbirdə kollecin təqaüddə olan müəllimi Rəfiqə Qurbanova da iştirak edərək öz zəngin pedaqoji təcrübəsini tələbələrlə bölüşüb, ədəbi mətnlərə yaradıcı yanaşma və müəllif ideyasına hörmətlə yanaşmağın vacibliyini qeyd edib.
Seminarda iştirak edənlər arasında tədris işləri üzrə direktor müavini Xanım Məmmədova və metodkabinə müdiri Sabir Süleymanov da olub. Onlar bu tip tədbirlərin tədris prosesinə müsbət təsir göstərdiyini bildirərək təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Kitabsevərlər Klubunun üzvləri qeyd ediblər ki, bu cür seminarlar tələbələrin analitik düşünmə bacarıqlarının və ədəbi zövqünün formalaşmasına mühüm töhfə verir. Gələcəkdə oxşar mövzularda ədəbi seminar və müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tələbələr bu formatda keçirilən tədbirlərin davamlı olmasını arzuladıqlarını bildiriblər.
26-12-2025, 13:22
up