







Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində "Xocalım, viran qalmış şəhərim" adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxışında qeyd etdi ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün də dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxışında faciənin baş vermə səbəblərini tələbələrin nəzərinə çatdırdı. Daha sonra Kollecin müəllimi,Xocalı rayon sakini Eldəniz Əbdülov faciə günü yaşadıqlarını və ermənilərin şəhər sakinlərinə necə divan tutduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.O, dəhşətli gecə yaşanan faciədən danışıb. Qeyd edib ki, erməni terrorçularının dinc əhalinin başına gətirdikləri soyqırımı insanlığa sığmayan vandalizm aktıdır, cinayətdir.
Daha sonra tədbirdə tələbələrin-Ləman Niftəliyeva, Kənan İsmayılov, Aydan Ələkbərova Əlizamin Talıbzadə və Firəngiz Hümətova Xocalı soyqırımı ilə bağlı hazırladıqları çıxışlar dinlənildi.
Tədbirin sonunda Xocalı soyqırımına aid “Ümüd işığı” sənədli filmi nümayiş olundu.