Tarixin qan yaddaşı



XX əsrin ən böyük, təsvir edilməsi mümkün olmayan faciəsi məhz Xocalı faciəsidir. 30 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dünyanın ən qəddar və qaniçən milləti olduqarını bir daha təsdiq etdilər. Erməni – rus hərbi birləşmələri bir gecədə yeddi min əhalisi olan bir şəhəri şəhəri viranəyə çevirdi, yerlə - yeksan etdi. Başı, qulaqları kəsilən, baş dərisi soyulan, gözü çıxarılan meyidlərin tükürpədici görüntüsü insanı dəhşətə gətirirdi. Yəni sivilizasiya əsrində də belə vandallıq mümkün idimi?! Ermənilərin Xocalıda törətdikləri soyqırım təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş vəhşilikdir.Onlar torpaq iddiası ilə başqalarına mənsub olanı mənimsəməyə vərdiş ediblər. Çox təəssüflər olsun ki, bəxtimizə belə vəhşilərlə qonşu olmaq bədbəxtliyi də düşüb.

Hər dəfə Xocalı soyqırımı ilə bağlı söhbətləri eşidəndə damarlarda qan donur, ürəkdə vətən sevgisi şiddətlənir, qəlbdə düşmənə sonsuz nifrət hissi tüğyan edir.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə saat 11-12 radələrində quduzlaşmış erməni faşistləri əliyalın əhaliyə qarşı Xocalı şəhərinin dörd istiqamətindən iri tanklarla hücuma keçdilər. Onlar irəlilədikcə hər tərəfi yandırır, oda- atəşə qərq edirdilər. Həmin gecə təbiət də qan ağlayırdı. Hər yer qar, tufan, çovğun. Sanki təbiət də Xocalı sakinlərindən üz döndərmişdi. Yerdə qan göllənir, göydən qar ələnirdi. Arxada qəddar düşmən, qarşıda amansız təbiət – iki sərt qüvvənin arasında qalmışdı əhali. Şaxtalı, qarlı gecədə kimi canını qurtarmaq üçün dağlara, kimisi də gizlənmək üçün meşələrə üz tuturdu. Erməni vandalları Xocalı sakinlərinin qarşısını kəsib amansız işgəncə ilə onları qətlə yetirdilər və XX əsrin ən dəhşətli faciəsini törətdilər. Həmin gecə yaşlı adamlara, körpə uşaqlara, hamilə qadınlara,xəstələrə,əlillərə, bir sözlə, taleyin ümidinə buraxılmış əliyalın azərbaycanlılara aman verilmədi.İgidlərimizi, qız–gəlinlərimizi əsir götürdülər.

Qanlı gecədə ermənilərə müqavimət göstərən mərd oğullarımız əllərində silah var gücləri ilə vuruşur, ermənilərə ziyan da vururdular. Onların gülləsindən yayınmayanlar çox olurdu. İgid oğullarımız erməni faşistləri ilə atışa-atışa insanların təhlükəsiz zonaya çıxarılmalarına kömək göstərirdi. Ermənilər igid

oğullarımızı ancaq yaralayandan sonra əsir götürə bilmişdilər. Azğınlaşmış canilər onlara qarşı insanlıqdan kənar vəhşiliklər törətmiş və işgəncə verərək öldürmüşdülər. Lakin bütün bu işgəncələrə baxmayaraq qəhrəman oğullarımız son nəfəslərinədək düşmənə əyilməmişdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət ” kampaniyası çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, yürüşlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, həmçinin Heydər Əliyev Fondunun hazırladığı materilallar nümayiş etdirilir.Hazırda faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın 70-dən çox ölkəsində uğurla həyata keçirilir. İnanırıq ki, dünya Xocalı faciəsini soyqırım kimi tanıyacaq.

“Özgə atına minən tez düşər” - deyirlər. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, eləcə də, bütün şəhidlərimizin qisası alındı.

Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq. Bu soyqırıma hüquqi-siyasi qiymət verilməli, Xocalıda dəhşətli əməllər törətmiş bütün cinayətkarlar ədalət məhkəməsinə cəlb edilməli və cəzalandırılmalıdır.Gənc nəsil isə gələcəyi dərk etmək üçün öz tarixini, öz keçmişini bilməlidir.

 

 Xanım Məmmədova

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin bölmə müdiri  


25-02-2022, 18:44
up