Kollecdə Nizami Gəncəvi gecəsi qeyd olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il klassik Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan edilmişdir. Təsdiq olunmuş tədbirlər planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş bədii yaradıcılıq gecəsi keçirilmişdir.Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Nuru Mikayılov, Sabunçu rayon icra hakimiyyətinin
“İctimai siyasi və humanitar məsələlər” şöbəsinin müdiri Ədalət Teymurov və digər qonaqlar iştirak etmişdilər.
Kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək bu ilin “Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu bildirmiş, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüşdür. Nizaminin qələmindən çıxmış əsərlər insanlarda yüksək zövq, böyük dərrakə və ağıl tərbiyə edən, insanın həm özünü, həm də mühitini çox geniş planda, bütün təzadları ilə təsvir edən uzun ömürlü, ölməz əsərlərdir. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.
Tələbələrin iştirakı ilə Nizami Gəncəvinin əsərlərindən sujetlər canlandırılmışdır. Xosrov və Fərhadın, İsgəndər və Nüşabənim dialoqları xüsusi maraqla izlənmişdir.








