Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. İnsanları baharın gəlməsi, təbiətin oyanması həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş,tarixən müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır.Novruz ümumilikdə bütün Türk xalqının bayramıdır.
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bayram münasibətilə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində təntənəli tədbir keçirildi.
Tədbirdə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlərdə canından və qanından keçmiş şəhdilərimizin əziz xatirəsini böyük ehtiramla yad edən tələbələr şanlı qələbəmiz nəticəsində xalqımızın mədəniyyətini, milli-mənəvi varlığını özündə əks etdirən Novruz bayramının artıq ölkəmizin hər bir guşəsində qeyd olunmasından, tarixi-mədəni irsimizin və adət-ənənələrimizin azad edilmiş torpaqlarımızda yenidən bərpa edilməsindən və doğma Qarabağımızda yandırılan bayram tonqallarından danışıdılar.
Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirdi. O, müəllim və tələbə heyətini “Novruz” bayramı münasibətilə təbrik edərək dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzuladı. Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.
Kollecin tələbələri bayram münasibəti ilə bağlı Novruz atributlarını özündə əksetdirən tamaşaları nümayiş etdirdilər.
Sonra tələbələrin hazırladıqları "Novruz töhfələri" adlı sərgi nümayiş olundu.Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaratdı.
Bayram şənliyi Novruz tonqalının ətrafında davam etdi.Alovlandırılan Novruz tonqalının hərarəti onun ətrafına toplanan müəllim və tələbələr tərəfindən böyük coşğu ilə qarşılandı. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatdılar.
















