Tələbələr üçün maarifləndirici tədbir keçirildi

Bu gün UNEC-in nəzdində Sosial-iqtisadi Kollecində tələbələrin iştirakı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birgə “İnsan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova çıxış edərək insan alverinin mahiyyətini, formalarını, doğurduğu təhlükələri və onunla mübarizəni necə aparmaq lazım olduğunu görüş iştirakçılarının nəzərinə çatdırdı. İnsan alverinə qarşı mübarizə ilə bağlı prezident İlham Əliyevin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında iştirakçılara ətraflı məlumat verən Mehriban  Zeynalova qeyd etdi ki, hər il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyəti institutlarının insan alverinə qarşı mübarizə ilə bağlı həyata keçirdiyi maarifləndirmə tədbirlərinə yaxından dəstək olur. Sonra görüş iştirakcılarını maraqlandıran suallara cavab verdi. Tələbələrin İnsan alveri nədir?-sualına Mehriban Zeynalova belə cavab verdi:
 -İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar  oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla şəxsin istismar edilməsini təmin edirlər. Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və ya satılır.  Qanunvericiliyə əsasən məcburi əmək, cinsi istismar,  köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti insan alveri halları hesab edilir. Bundan başqa  son vaxtlar bu işlə məşğul olan çirkin insanlar tərəfindən daha çox istifadə edilən insan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası,  şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi insan alveri halları kimi qeyd edilir.
Hər bir məsələdə olduğu kimi, bu məsələdə də təhsil önə çıxır. Niyə? Çünki insan alverinin qurbanlarına çevrilənlərin istisnalar olmaqla demək olar ki, hamısı təhsilsiz insanlar olur. Bu statistikanı insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlar, dövlət qurumları, QHT-lər də hesabatlarında xüsusilə vurğulayır. Onlar təhsildən yayınanların bu məsələdə daha çox əziyyət çəkdiyini deyirlər. Bundan başqa işsizlər,  miqrantlar, avaralıqla və dilənçiliklə məşğul olanlar, səfillər, kimsəsizlər və baxımsızlar,  əxlaqsız həyat tərzi sürənlər, əqli cəhətdən anlaqsız vəziyyətdə olanlar, içki, narkotika və psixotrop maddələrdən asılı olanlar da daha çox insan alveri qurbanlarına çevrilir.
İnsan alveri ilə məşğul olanlar öz niyyətlərinə çatmaq üçün bir çox vasitələrdən istifadə edir, bu vasitələrlə öz qurbanlarını aldatmağa müvəffəq olurlar. Onlar daha çox qanunsuz İşədüzəltmə firmaları,  Moda agentlikləri, İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar və sairə vasitələrdən məharətlə istifadə edirlər. Eyni zamanda, tanışlar, qonşular, qohumlar tərəfindən gələcək qurbanlarına təkliflər göndərirlər. Bundan başqa, xarici agentliklər tərəfindən təkliflərlə də insanları aldatmağa nail ola bilirlər.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Xəyyam Nəcəfov çıxışında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən vətəndaşları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verdi. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatlandırdı. O, daha sonra bildirdi ki, bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət yüksək səviyyədə təşkil olunub və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqla ciddi şəkildə mübarizə aparır.Eyni zamanda insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə baş idarənin əməkdaşlığı yüksək səviyyədə qurulub.
Sonda mövzu ətrafında müzakirələr aparıldı.





15-04-2022, 18:25
up