Şəhid Əkbər Azər oğlu Hüseynli
Əkbər Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Hüseynli Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. Lakin Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.
Əkbər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda başladılan II Qarabağa savaşının ilk günlərindən Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanıb, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam edib.
27-29 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə xeyli irəliləyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. 29 sentyabrda Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.