COP29 - MÜZAKİRƏ ÜÇÜN 5 TƏKLİF...- Rektorun yazısı

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın sədrliyi ilə noyabr ayında Bakıda keçiriləcək. Bu faktın ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsinin qlobal səviyyədə qəbul edilməsinin də göstəricisidir. Planetin gələcəyi üçün əhəmiyyətli qlobal problemlərin müzakirəsi və həlli baxımından COP29-un tarixə düşəcəyinə inanıram.

Ətraf mühitə atılan tullantıların miqdarının olduqca çox olması və ətraf mühitə dəyən zərərin təhlükəli həddə çatması, demək olar ki, hamı tərəfindən qəbul edilir. Amma problemin hamı tərəfindən qəbul edilməsi həmin problemin həlli üçün kifayət deyil.

Eləcə də, hamı tərəfindən qəbul edilir ki, ətraf mühitlə bağlı mövcud problemlərin həlli böyük həcmdə investisiyalar tələb edir. Amma həqiqət həm də odur ki, ətraf mühit problemlərinin yalnız investisiya alətlərilə həlli mümkünsüzdür. Bu baxımdan bir sıra məsələlərə yeni baxış tələb olunur. Bakıda keçiriləcək COP29 ciddi müzakirələrlə zəngin olacaq və inanıram ki, yeni baxışlar ortaya qoyacaq.

COP29-da müzakirə üçün əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq bəzi düşüncələri paylaşmağı faydalı hesab etdik.

Əvvəla, ətraf mühit problemlərinin həlli və yaşıl iqtisadiyyata keçid iqtisadiyyatda dövlətin rolunun azaldılması yox, artırılmasını tələb edir. Başqa sözlə, liberal dəyərlə əsaslanan mövcud iqtisadi inkişaf modeli əvvəllər müşahidə olunmayan ciddi çağırışlarla üz-üzədir. Doğurudur, liberal iqtisadi inkişaf modelinin öz ömrünü başa vurduğunu da söyləmək hələlik tezdir. Amma alternativ yanaşmalara artıq ciddi zərurət görünür. Alternativ yanaşmada dövlətin rolunun artacağı daha çox gözləniləndir. Ona görə də, qlobal iqtisadiyyatda rəqabətə də yeni baxışın formalaşması tələb olunur. Çünki qlobal iqtisadiyyatda rəqabətdə dövlət rolu daha da güclənəcək. Ona görə də, qlobal iqtisadiyyatda güclü dövlətlərin daha da güclənməsinə və zəif dövlətlərin daha da zəifləməsinə yol verməmək üçün yeni şəraitdə dövlətlərin yaşıl iqtisadiyyatda və o cümlədən "yaşıl rəqabət"də roluna dair çərçivəni, yeni vahid oyun qaydalarını müəyyən etmək üçün COP29 çərçivəsində Bakı bu müzakirələrə təşəbbüs və ev sahibliyi edə bilər.
İkincisi, bəli, yaşıl iqtisadiyyatı stimullaşdırmaq və yeni yaşıl iş yerləri yaratmaq üçün dövlətlər daha çox öz sərhədləri çərçivəsində dəstək verməyə çalışırlar. Problem ondadır ki, bir sıra hallarda beynəlxalq ticarət qaydaları belə milli dəstəyi, yumşaq desək, "alqışlamır". Həmin beynəlxalq ticarət qaydaları da liberal iqtisadi inkişaf modelinin məhsulu olduğu səbəbindən başqa cür də ola bilməz. Bu fikirləri təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, həm də digər qlobal təşkilatlara (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) şamil etmək olar. Bu gün qlobal təşkilatların yaşıl iqtisadiyyat konsepsiyasının tələblərinə tam cavab vermədiyi görünür və həmin təşkilatların transformasiya edilməsi və yaxud tamamilə yenilərinin yaradılması zəruri görünür. İstər transformasiya, istərsə də tamamilə yeni qlobal təşkilatların yaradılması inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu baxımdan Qoşulmama Hərəkatı Ölkələrin rolu artırıla bilər və COP29 çərçivəsində onların adından təşəbbüslər irəli sürülə bilər.
Üçüncüsü, Yaşıl iqtisadiyyata keçid və bununla bağlı təklif edilən ətraf mühit siyasətinin iqtisadi artıma təsiri də müzakirə predmetidir. Ən azından ilkin dövrdə bu təsirin daha çox mənfi olacağını ehtimal etmək olar. Beləliklə, yaşıl iqtisadiyyata keçidin təmin edilməsi və nəticədə azalan iqtisadi artım arasında da çətin seçim edilməsi ciddi müzakirələr tələb edir. İqtisadi artım tempinin azaldılması nəticəsində inkişaf etməkdə olan ölkələrin üzləşdiyi ziyanın inkişaf etmiş ölkələr tərəfindən kompensasiya edilməsi məsələsi də müzakirə oluna bilər.
Dördüncüsü, əsas problemlərdən biri ətraf mühitə atıla bilən tullantıların maksimal həcminin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra planetin gələcəyi baxımdan "geriyə saymaq" başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabın olmadığı bəllidir. Amma buna baxmayaraq, ətraf mühitə atılan tullantıların maksimal həcmi nə qədər olmalıdır sualına yeganə düzgün cavabın tapılması vacibdir. Noyabr ayında keçiriləcək COP29-da tullantıların maksimal həcminin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP-29-da Bakıda fəaliyyət göstərəcək və dünyanın tanınmış siyasət adamlarından ibarət Qlobal Komissiyanın və elm adamlarından ibarət Qlobal Ətraf Mühit Tədqiqat Mərkəzinin yaradılması məsələsi COP29-un gündəliyinə daxil edilə bilər.
Beşincisi, COP29 təhsilin yaşıllaşdırılması ilə bağlı global təşəbbüs üçün də əla fürsətdir və bu baxımdan Yaşıl Təhsil Modelinin də müzakirəsi faydalı ola bilər.
7-10-2024, 15:20
up