Kollecdə “25 noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”qeyd edildi

1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günündə müxtəlif tədbirlər həyata keçirilir.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “25 noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbir keçirilib. 22 saylı uşaq poliklinikasının tibb bacısı Pərvanə Allahverdiyeva tərəfindən keçirilən tədbirin məqsədi  “25 noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” ilə bağlı maarifləndirici məlumatların verilməsi idi.
Ölkəmizdə gender bərabərliyi, gender əsaslı zorakılıq və bununla mübarizə, əhalinin, xüsusən də gənclərin cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi kimi sahələr üzrə müxtəlif layihələrin həyata keçirildiyini bildirən Pərvanə Allahverdiyeva daha sonra qeyd etdi ki, son illər qadınlara qarşı zorakılıqla mübarizəyə dair əldə olunan uğurlar və bu istiqamətlərdə əməkdaşlıq xüsusilə təqdirəlayiqdir. Belə ki, qadınlara qarşı zorakılığın miqyasına dair ilk reprezentativ sorğunun keçirilməsi, məişət zorakılığının iqtisadi yükünün ölçülməsi, məişət zorakılığı üzrə məlumat bankının yaradılması sahəsində ölkədə təqdirəlayiq işlər görülmüşdür.
Tədbirin sonunda qadın zorakılığına qarşı mübarizəyə həsr olunmuş videoçarx nümayiş olundu.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planında məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində bir çox istiqamətlərdə tədbirlər nəzərdə tutulmuşdur.”

25-11-2024, 16:00
up