Ekoloji terrorla bağlı açıq dərslər davam edir

     Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq “COP 29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimatların keçirilməsi” istiqamətində maarifləndirici işlər görülməkdədir.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin biologiya müəllimi Ülviyyə Behbudova “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda açıq dərslər keçirmişdir. Ü.Behbudova dərslərdə 1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən, şəhər və kəndlərin dağıdılması, dinc əhalinin genosidi və eyni zamanda bitki və heyvanlar aləminin məhv edilməsi məsələlərinə toxunaraq “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sesssiyası”nın mahiyyəti və ölkəmiz üçün əhəmiyyətindən danışmışdır.

İşğaldan azad olunmuş Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarılıb, təbii sərvətlərimiz mənimsənilib, ətraf ərazilər çirklənməyə məruz qoyulub.

Kəlbəcər rayonu işğal altında olduğu müddətdə ərazisindəki “İstisu” təbii mineral suyu, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri olan, yaşı 150-300 ilə çatan Şərq çinarları, iri diametrli çoxillik qoz ağacları məhv edilib.

Məlumdur ki, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi var idi. Meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilib.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin Sosial və humanitar məsələlər üzrə direktor müavinin Zaur Vəliyev çıxış edərək bildirdi ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük  Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsinə, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə son qoydu.  

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin  ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.

İşğal olunan ərazilərin azad edilməsi zamanı Şuşa istiqamətində Ermənistan silahlı qüvvələri qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə anti-humanist üsullarla - digər zəhərli partlayıcı maddələrdən ərazilərimizi işğaldan azad edən ordumuza, həm də flora və faunaya külli miqdarda ziyan vurub.

“Mühasibat uçotu” şöbəsinin müdiri Şahgül Qardaşəliyev də öz çıxışında hər hansı bir dövlətdə ekoloji tarazlığın pozulmasına yönəldilən terror aktlarının  ekosidin tərkib hissəsi olduğunu və  ekoloji problemlərin yaradılması məqsədini güddüyünü qeyd edərək, vurğuladı ki, torpaqlarımızın işğaldan azad olunması həm də əhalinin ekoloji təhlükəsizliyinin təmin etdi.

Kollecin coğrafiya müəllimi Mehriban Aslanova “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda tələbələrə məlumat verərək bildirib ki, Kiçik Qafqazın Cənub-Şərq yamacından axan çayların əksəriyyəti Araza tökülür və ermənilərin işğalı altında olmuş ərazilərdə törədilən ekoloji terrorun təsiri bilavasitə çayda özünü göstərir. Dağ-mədən sənayesi tullantıları, törədilən yanğınlar, meşələrin kəsilməsi, bulaqların quruması, bundan əlavə, Ermənistandan axan çirklənmiş çaylar, eləcə də İrəvandan axan və şəhərin çirkabını özündə daşıyan Zəngi (Razdan) çayı Arazın vəziyyətini bir az da ağırlaşdırır. 

Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, turş sularını Oxçuçaya axıdaraq, ekoloji təhlükəni daha da dərinləşdirib. Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldığı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Bu da artıq Tərtər, Yevlax, Goranboy rayonları ərazilərində ekoloji vəziyyətin yaxşılaşmasını təmin edir. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında 1994-cü ildən Ermənistan tərəfindən su axımı demək olar ki, dayandırılmışdır. Anbardan kanala su sadəcə  qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılırdı.

Ərazilərimiz işğal olunanadək ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud idi.Onlar ermənilər tərəfindən ekoloji terrora məruz qalıblar.

Kollecin müəllimi Rasim Abasquliyev tələbələrə ekoloji terror haqqında məlumat verərək bildirdi ki, işğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğular, 36 ədəd nasos stansiyaları, 26 ədəd suvarma sistemləri, 18 ədəd suvarma sisteminin baş qurğuları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 5600 km təsərrüfatdaxili sistemləri sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarılan torpaqlar qalmışdır. Aztorpaqlı Qafqaz regionunda torpaq sahələrinin sıradan çıxarılması nəticəsində milyonlarla insan əsas yaşayış mənbəyindən — torpaqdan məhrum edilmişdir.

Kollecin müəllimi Aytən Piriyeva dərs zamanı işğal dövründə mədəniyyətimizə vurulan ağır zərbələrdən söz açaraq hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilmiş, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edildiyini qeyd etdi.

Şuşanın zəbt edilməsi nəticəsində isə mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir.

Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.

İşğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilib və ya mənimsənilib. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

Biz doğma torpaqlarımızı yenidən dirçəldəcəyik. Yenidən o dilbər guşələrdə həyat canlanacaq və bütün Dünya ölkələri buna şahid olacaq. Bütün Azərbaycan arxa və ön cəbhədə bir yumruq kimi birləşib öz əzəli torpaqlarını mənfur düşməndən necə azad etdisə, tezliklə öz insanına həsrət qalan hər qarış torpağını da ayağa qaldıracaq!

 

 

26-04-2024, 13:30
up